AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü keçiriləcək

Toplantıda regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi və müxtəlif sahələrdə əlaqələrin inkişafı müzakirə olunacaq.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün Milli Məclisin bir qrup deputatı oktyabrın 17-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Sahib Alıyev daxildirlər.
Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.
Səfər zamanı nümayəndə heyətləri Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü və Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak edəcəklər.
Səfər oktyabrın 20-də başa çatacaq.