BAKI, 16 oktyabr — Sputnik. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2 000 manat pul alıb.
G. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2 000 manatını dələduzluq yolu ilə mənimsəyib.
Bir müddət sonra 3-cü dəfə rayona gələn G. Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.