BAKI, 15 oktyabr — Sputnik. "Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlərlə bağlı özlərində güc tapıb prezidentə müraciət etmirlər?"
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu sahədə xaricdən mütəxəssislər cəlb etmək lazımdır: "İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da Səhiyyə Nazirliyi ləğv olunmalıdır".
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, ölkədə icbari tibbi sığorta tətbiq edilməzdən öncə dünyanın bir çox ölkəsinin təcrübəsi öyrənilib: "Mən öngörən deyiləm ki, bunun nə vaxt tam həyata keçiriləcəyini söyləyim. Onu deyə bilərəm ki, bu sahədə problemlər ilbəil azalacaq".
“Biz yaxın günlərdə icbari tibbi sığorta ilə bağlı dinləmə keçirəcəyik. TƏBİB də bu dinləmədə iştirak edəcək. Burada qaldırılan məsələlərin əksəriyyəti də həmin dinləmədə qaldırılacaq. Bu gün icbari tibbi sığorta büdcəsinin imkan verdiyi dərəcədə həyata keçirilir. Gələcəkdə büdcədən icbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər və narazılıqlar aradan qalxacaq. Türkiyə 20 ildən artıqdır ki, bu sistemə keçib. Amma onlarda da bu sahədə problemlər var”, - deyə o qeyd edib.