BAKI, 15 oktyabr — Sputnik. İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdiyi ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində 58 şəhər və rayonda 394063 vətəndaşa 1744700 tibbi xidmət göstərilib.
Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə zədələr və zəhərlənmələr ilə bağlı olub.
Keçən ay Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə isə 841 mindən çox tibbi xidmət göstərilib. Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.