BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir:
"Məlumdur ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutuldu, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edildi. Həmin müharibə dövründə Azərbaycanın Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq ən çox atəşə məruz qalan bölgə olub.
Ötən il 15 oktyabr tarixində isə Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutdu. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak oldu, 4 nəfər isə ciddi xəsarət aldı.
Həmin vaxt bu cinayət aktı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə açıq müraciət ünvanlayaraq, bu vandalizm və barbarlıq hadisəsi barədə ətraflı məlumat verdik. Müraciətdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini növbəti dəfə kobud şəkildə pozması faktı ilə əlaqədar beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsi ilə bağlı çağırış edildi.
Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri də həmin hadisədən hiddətlənərək, bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirdi və bununla əlaqədar aidiyyəti üzrə beynəlxalq qurumlara müraciət etdilər.
Lakin təəssüflər olsun ki, təqdim olunmuş təkzibolunmaz sübutlara baxmayaraq, Ermənistan tərəfindən hərbi əməliyyatlar zamanı törədilmiş digər çoxsaylı müharibə cinayətləri kimi bu əmələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib.
Ermənistanın insanların mənəvi dəyərlərinə toxunmaqla dini inanc yerlərini və qəbiristanlıqları intensiv şəkildə atəşə tutması, qəbirlərə qarşı vandalizm aktları törətməsi monoetnik dövlət olaraq digər millətlərə və dinlərə mənsub insanlara qarşı dözümsüz münasibətini bir daha sübut edib. Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə bu kimi daha çox hallar üzə çıxıb, azərbaycanlıların qəbirlərinin dağıdılması, təhqir edilməsi, qazılması, talan olunmasına dair sübutlar aşkarlanıb.
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərdə dəfn mərasiminə toplaşmış mülki şəxslərin ağır artilleriya atəşinə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq təşkilatlara, dini liderlərə və bütövlükdə dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın mülki əhalisi arasında tələfata, maddi-mənəvi və dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terror və digər vandalizm aktları törətməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına rəvac vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlər görməyə çağırıram".
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.