BAKI, 15 oktyabr — Sputnik. Millət vəkili Fazil Mustafa Azərbaycanda alimin dissertasiyasının plagiat çıxmasına münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin iclasında millət vəkili bildirib ki, bu gün elm sahəsində plagiat baş alıb gedir: "Bu məlumat daha geniş olsa, yaxşı olardı. Yəni kimin adamı idi, yaxud kimsəsiz idimi?!"
Deputat son vaxtlar məmurlardan çoxlu şikayət aldığını da dilə gətirib: “Təzə gələn məmur hamıdan ərizələrini almağa başlayır. Kütləvi şəkildə öz adamlarımı yerləşdirim deyə savadlı kadrları işdən çıxarmaq yalnız Azərbaycanda var. Bunu aradan qaldırmaq lazımdır”.
Qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib ki, Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir.
Onun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib: "Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı".
Lakin F.Mustafayev plagiat dissertasiya yazan və elmi dərəcəsi ləğv olunan alimin adını açıqlamayıb.
AAK sədri onu da qeyd edib ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır.