DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yapon dənizində Rusiya-Çin birgə təlimləri başlanıb

Gəmilərin ekipajlarının birgə taktiki manevr etməsi və dəstələrin minaya qarşı mübarizəni məşq edəcəyi, dəniz hədəflərinə artilleriya atəşləri açacağı və təyin olunan ərazidə şərti düşmənin sualtı qayığının axtarışını və bloklanmasını həyata keçirəcəyi bildirilib.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Yapon dənizində Rusiya ilə Çinin birgə "Dənizdə qarşılıqlı fəaliyyət-2021" hərbi-dəniz təlimlərinə start verilib. Bu barədə RİA Novosti Rusiya Sakit okean donanması Şərq Hərbi Dairəsinin (ŞHD) mətbuat xidmətinə istinadən məlumat verib.

"Yapon dənizində oktyabrın 14-dən 17-dək Rusiya ilə Çin birgə "Dənizdə qarşılıqlı fəaliyyət-2021" hərbi-dəniz təlimləri keçirəcək", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Rusiya Hərbi Dəniz Donanması hazırkı təlimlərdə müxtəlif hərbi gəmilərlə, o cümlədən "Admiral Panteleyev" böyük sualtıqayıq əleyhinə gəmisi, 20380 layihəsinə aid "Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov" və "Qromki" korvetləri, iki bazalı tral gəmisi, 877 layihəsinə aid "Ust- Bolşerestk" sualtı qayığı, həmçinin raketli kater və xilasedici yedəklə təmsil olunub.
Çinin hərbi-dəniz qüvvələri tərəfindən təlimlərə "Kun Min" və "Nan Çan" qırıcı gəmiləri, "Bin Çjou" və "Lyu Çjou" korvetləri, həmçinin dizel sualtı qayığı, kompleks təchizat və xilasetmə gəmisi cəlb edilib.
Rusiya və Çin gəmilərinin ekipajlarının birgə taktiki manevr etməsi və dəstələrin minaya qarşı mübarizəni məşq edəcəyi, dəniz hədəflərinə artilleriya atəşləri açacağı və təyin olunan ərazidə şərti düşmənin sualtı qayığının axtarışını və bloklanmasını həyata keçirəcəyi bildirilib.
Qeyd olunur ki, Rusiya və Çinin birgə təlimləri ilk dəfə 2005-ci ilin avqustunda keçirilib. O da bildirilir ki, 2012-ci ildən etibarən Rusiya və Çinin dənizdəki təhdidlərə qarşı birgə döyüş qabiliyyətini gücləndirilməsinə yönəlmiş ənənəvi "Dəniz Qarşılaşması" adlı ixtisaslaşdırılmış hərbi-dəniz təlimləri keçirilir. Ötən il yeni koronavirus pandemiyası ilə əlaqədar olaraq məhdudlaşdırıcı tədbirlər səbəbindən təlimlər keçirilməyib.