DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ÜST həyəcan təbili çaldı: vərəmdən ölüm halları artıb

Koronavirus pandemiyası səbəbindən vərəmlə mübarizədə yaranan problemlər 2020-ci ildə bir sıra insanlara bu diaqnozun qoyulmamasına gətirib çıxarıb.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Koronavirus pandemiyası ucbatından son on ildə ilk dəfə vərəmdən ölüm hallarında artım qeydə alınıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) oktyabrın 14-də açıqladığı hesabatda bildirilir.

"COVID-19 pandemiyası vərəmlə mübarizədə illərlə davam edən qlobal tərəqqiyə son qoyub. Son 10 ildə ilk dəfə vərəmdən ölüm hallarında artım baş verib", – deyə ÜST-ün 2021-ci il üçün vərəm xəstəliyi ilə bağlı hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, 2020-ci ildə bütün dünyada vərəmdən təxminən 1,5 milyon nəfər (o cümlədən, 214 min həm də İİV-ə yoluxmuş şəxs ) ölüb. Hesabatda bildirilir ki, bu xəstəlikdən ölüm hallarının artması dünyada vərəmə yoluxmada ən yüksək göstəricilərə malik 30-dan çox ölkədə qeydə alınıb.

"ÜST-ün proqnozlarına əsasən, vərəmə yoluxan və bu xəstəlikdən ölən insanların sayı 2021 və 2022-ci illərdə daha çox ola bilər. Koronavirus pandemiyası səbəbindən vərəmlə mübarizədə yaranan problemlər 2020-ci ildə bir sıra insanlara bu diaqnozun qoyulmamasına gətirib çıxarıb", – deyə məlumatda bildirilir.

ÜST-ün qiymətləndirməsinə görə, hazırda dünyada 4,1 milyon nəfər vərəmdən əziyyət çəkən insan var, ancaq bu rəqəmlər real vəziyyəti əks etdirmir. Çünki xəstəliklə bağlı diaqnoz qoyulmasında və rəsmi qeydiyyatda problemlır mövcuddur.
ÜST, həmçinin dünyada vərəmlə mübarizəyə, bu xəstəliyin diaqnostikası, müalicəsi və profilaktikasına sərf olunan vəsaitin 5,8 milyarddan 5,3 milyard dollara qədər azaldığını da bildirib.