İQTİSADİYYAT

İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər

Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə tədris mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri məlumat verib.
Belə ki, oktyabrın 14-də Təhsil Nazirliyi tərəfindən İsmayıllı rayonuna mediatur təşkil edilib.
Mediatur çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində İsraildən olan mütəxəssislər tərəfindən dronların idarə edilməsi ilə bağlı keçirilən təlim prosesi ilə tanışlıq olub.
Mediaturda Təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.
İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər
Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub, mərkəzdə "Dron idarəedilməsi və dəqiq aqronomluq" üzrə təlimləri izləyiblər.
Daha sonra təlim iştirakçıları tərəfindən açıq sahədə dronların uçuşu həyata keçirilib. Drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə İsraildən olan mütəxəssislər tərəfindən keçirilir.
10 və 30 litr su tutumu olan bu dronlar dərmanlama, xəritələmə, torpağın tərkibinin müəyyən edilməsi və gübrələrdən istifadə olunması ilə bağlı məlumatların toplanması işlərini görə bilir.
İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər
Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə tədris mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur.
Sözügedən dronlar süni intelektlə idarə olunur, insan əməyindən 10 dəfə üstündür, dəqiq aqronomluğu həyata keçirir, bir hektar sahəni 10 dəqiqə ərzində dərmanlaya bilirlər. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək. Bunun üçün hazırda ölkəmizdə mütəxəssislər hazırlanır.
Hazırda davam edən 15 günlük təlimlərdən sonra İsraildən gələcək başqa bir qrup mütəxəssislər tərəfindən nəzəri təlimlər keçiriləcək.
İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər
Qeyd edək ki, azərbaycanlı gənclər bir neçə il əvvəl Türkiyədə dronların idarə olunması təlimlərində iştirak ediblər. Həmin gənclər hazırda ölkəmizdə təlimçi kimi çalışırlar.
Oktyabrın 19-dək davam edəcək bu təlimlərdə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim iştirak edir. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir.
Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçilyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər. Təhsil nazirinin müavini Firudin Qurbanov mediatur iştirakçılarına son illər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.