PAYTAXT XƏBƏRLƏRİ

Dünənki qəzada yaralananların ikisinin vəziyyəti ağırdır

Şöbə müdiri Namiq Dəmirçiyev bildirib ki, 3 saylı Kliniki Şəhər Xəstəxanasında müalicə alan 10 nəfərdən ikisi evə buraxılıb.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların ikisinin vəziyyəti ağırdır. Bu barədə Sputnik Azərbaycan-a yaralıların müalicə aldığı tibb müəssisələrindən məlumat verilib.
3 saylı Kliniki Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəxanaya yerləşdirilən 10 nəfərdən ikisi evə buraxılıb. Digər 8 nəfərdən dördü reanimasiyada, dördü isə travma şöbəsində müalicələrini davam etdirir: "Xəstələrin vəziyyəti stabilləşir. Reanimasiyada olan 1 nəfərin vəziyyəti kritikdir. Çünki həmin şəxs qəza zamanı müştərək travma alıb. Bağırsağı tikilib, dalağı çıxardılıb. Yerdə qalanların vəziyyəti stabil hesab olunur".
1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Könül Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Mərkəzə yerləşdirilən 3 nəfərdən 1-nin vəziyyəti ağır qiymətləndirilir. Onun sözlərinə görə, xəstələrdən biri reanimasiya, digərləri cərrahiyyə şöbələrində müalicələrini davam etdirirlər: "Vəziyyəti ağır qiymətləndirilən şəxsdə travma nəticəsində bel fəqərəsinin sınıqları, döş qəfəsinin travması və bunların fonunda travmatik şok, onun fəsadları müşahidə olunur. Burada həmçinin yaş faktoru var. 1966-cı il təvəllüdlü xəstə reanimasiyada müalicə olunur".
Qeyd edək ki, dünən baş verən ağır yol nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Həmçinin oxuyun:
* Bakıda dəhşətli qəzanın görüntüləri yayılıb
* DİN paytaxtda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb