PAYTAXT XƏBƏRLƏRİ

COVID-19 pasportları olmadı, toya buraxılmadılar

Monitorinqlər 43 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 13-də Bakı şəhərində və respublikanın digər ərazilərində 50 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, monitorinqlər 43 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barədə materiallar baxılması üçün məhkəməyə göndərilib.
COVID-19 pasportu olmadığına görə 114 nəfər toy şənliklərinə buraxılmayıb.