BAKI, 14 oktyabr - Sputnik. Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi ABŞ-ın Florida ştatında avqust-sentyabr aylarında keçirilən “Only the best film awards” beynəlxalq festivalında ən yaxşı sənədli film mükafatına layiq görülüb.
Bu barədə Sputnik Azərbaycan-a rejissor özü məlumat verib.
Qeyd edək ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.
COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.
Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.
"Yaradanlar" bu ilin iyulunda İtaliyanın Neapol şəhərində keçirilən "Vesuvius İnternational Film Festival 2021"in münsiflərinin də xüsusi mükafatına layiq görülüb.