Tanınmış videobloger Vahid Həsənov müsahibəsində bildirib ki, hal-hazırda onu heç kim maliyyələşdirmir: "Üç-dörd ilə qədər heç bir qazancım yox idi, amma sonradan klipmeykerlərə görüntülərimi satmağa başladım. Xarici ölkələrdən mənə təkliflər gəlirdi ki, mən Azərbaycanı necə çəkirəmsə, onların da ölkəsini elə çəkim, tanıdım, ölkələrinin gözəlliyini üzə çıxardım".
"Maraqlı yerləri kəşf etmək üçün getdiyim bölgənin insanlarından məsləhət alıram. Ən əsas da çobanlardan, çünki onlar dağlara çıxdıqları üçün bütün gözəllikləri görə bilirlər", - deyən müsahibimiz əlavə edir ki, dörd il tək çalışıb, hazırda isə qrup toplayıb.
"İşimi genişləndirmək üçün komanda yığmağa başladım. Özüm bir videonu bir və ya üç aya edirdimsə, indi isə hər həftə, ya da üç gündən bir video hazırlaya bilirəm", - Həsənov deyir.
"Bura Vətəndir" lahiyəsini həyata keçirən bloger onu genişləndirmək üçün mütləq maliyyə dəstəyinə ehtiyacı olduğunu bildirir: "İstəyirəm ki, hər bölgədə azı mənim qədər çəkə biləcək videoqraflar yetişdirim, həmin bölgənin gözəlliklərini çəkib tanıtsınlar".
Həsənov gələcək planları ilə də bölüşüb: "Təmizlik barədə təlim keçirməyi düşünürəm. İnsanlar yığışıb təbiəti zibillərdən təmizləsinlər və bu, getdikcə nəsildən-nəslə ötürülsün. Ümid edirəm ki, Azərbaycan zibilliklərdən təmizlənəcək".
Qarabağda hiss etdiklərindən danışarkən videobloger sanki illərdir o torpaqlarda heç kimin yaşamadığı, cansız torpaqlara bənzədiyi təəssüratının yarandığını deyir: "İnşallah, ümid edirəm ki, oraları canlandıracağıq. Çox gözəl yerlərdir. Kəlbəcər sanki Azərbaycanın mini versiyasıdır”.
Müsahibimizə məşhur fotosu haqda da sual veririk.
""Süd yolu"nu ay ərzində üç gün görmək olur, özü də hava buludsuz olanda. Gərək həmin gecə boyu Ay çıxmasın. Ay təqviminə baxmaq lazımdır. Bu zaman böyük şəhərlərdən uzaq olmalısınız. Yaxın yerlərdən - Xızıya getmək olar, çünki Xızıda rəngli dağlar var. Oraya gedən zaman sanki başqa planetə düşürsünüz: həm ulduzlar, həm rəngli dağlar var. Hətta mənim bir şəklim var idi, orada Xızını Yupiter mənzərəsinə oxşadırdılar. "Süd yolu"nu çəkəndə ətrafda heç bir işıq olmamalıdır. Bütün ulduzlar qaranlıqda görünür. Kamera və son model telefonla "Süd yolu"nu çəkmək mümkündür. Təbii ki, düzgün ayarlar seçmək lazımdır”, - Həsənov sirlərini bölüşür.
Vahid Həsənov yeni başlayan fotoqraflara, videoblogerlərə bu işi pula görə görməməyi məsləhət bilir: "Özlərini axtarsınlar və tapsınlar. Mən bir neçə kateqoriyada şəkil çəkirdim, amma sonda təbiət fotoqrafı olmaq qərarına gəldim. Öz istiqamətlərini tutsunlar, sona qədər getsinlər, divar da olsa, yarıb keçsinlər. Sonda sevdikləri işlə məşğul olacaq və qazanc əldə edə biləcəklər, bundan gözəl heç nə yoxdur. Bunu əminliklə deyə bilərəm. Əsas yön tutmaq lazımdır və heç nəyə baxmayaraq dayanmaq olmaz".