QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN: Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq!

Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır.
Sputnik
BAKI, 14 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən açılan atəş nəticəsində Azərbaycan hərbi qulluqçusunun ölümü ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:

"Azərbaycan Redpublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 oktyabr 2021-ci il tarixində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub.

Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq.

Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir".

Xatırladaq ki, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Allah Şəhidimizə rəhmət eləsin.