MƏDƏNİYYƏT

Avropa İsfar Sarabskinin yeni albomunu eşidəcək

Azərbaycanlı pianoçu bir çox Avropa ölkələrinin tamaşaçılarına yeni albomundan olan bəstələr təqdim edəcək.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Pianoçu İsfar Sarabski "Planet" albomuna dəstək olaraq 16 oktyabrda İsveçrənin Frayburq şəhərində başlayan və 10 noyabr tarixinə qədər davam edən Avropa turuna başlayır. O, İtaliya, Çexiya, Fransa, Hollandiya, Almaniya və Belçika şəhərlərində çıxış edəcək. Bu barədə musiqiçi özü Sputnik Azərbaycan-a məlumat verib.
Sarabski 2019-cu ilin dekabrında "Warner Music Group" ilə iki albom çıxarmaq üçün müqavilə imzalayıb. Və "Warner Music Group" ilə əməkdaşlıq etməyi bacaran ilk azərbaycanlı olub. Albomun Avropada təqdimatı 30 aprel 2021-ci ildə Beynəlxalq caz günündə baş tutub. Bir neçə gün sonra albom musiqiçinin vətənində də təqdim edilib.
Pianoçunun sözlərinə görə, dünyada həmin albom haqqında rəylər müsbətdir və bu da sənətçini sevindirir. Tur bitdikdən sonra İsfar ikinci albom üzərində işləməyə başlayacaq.
İsfar Sarabskinin nailiyyətləri
Sarabski "Warner Music Group" ilə biznes müqaviləsi bağlayan ilk azərbaycanlı caz və elektron musiqiçisi olub. Bu musiqi leyblində adları dünyaca məşhur olan Areta Franklin, Edit Piaf, Doors, Bred Meldau, Nil Yang, Maykl Buble, Fil Kollins, Avişay Koen, Devid Getta, Muse, Deep Purple, Bee Gees, Devid Boui, Elis Kuper, Erik Klepton, Blur, Liam Gallagher, Daft Punk , Gorillaz, Green Day, Bruno Mars və digərləri çıxış ediblər.
İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivalların iştirakçısı olub. 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. Pianoçu "Novruz", "G-man", "Generation", "Edge", "Deja vu", "Last Chance", "Agent", "Now I"m Here", "Buta", "İn Memory of V. Mustafazade" kompozisiyaların müəllifidir.