BAKI, 13 oktyabr — Sputnik. İran Azərbaycanın daxili işlərinə qarışır. Bunu Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, İran XİN rəhbəri Rusiyaya səfər etsə də, Azərbaycana yönəlik siyasətinə Rusiyada dəstək tapa bilmədi:
"Rusiya XİN rəhbəri ölkəsinin mövqeyini açıq şəkildə ifadə etdi. Rusiya bölgədə gərginliyin artmasında maraqlı deyil. İrana görə də Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil".
Elxan Şahinoğlu vurğulayıb ki, yeni İran hakimiyyəti açıq-aşkar anti-Azərbaycan siyasəti yeridir:
"İran bu siyasəti davam etdirərsə, bu ölkənin XİN rəhbərinin Azərbaycana gözlənilən səfəri nəticəsiz qalacaq. İndi də Xəzərdə hərbi təlimlər keçirməklə Azərbaycana əzələ nümayiş etdirirlər. Bu dostluq münasibətlərinin xarakterinə uyğun deyil. İran məsələləri hərbi-siyasi müstəviyə keçirmək istəyir".
Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
İran XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.
İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.
Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.
Daha əvvəl isə, Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamları cavab verib: Artıq bir aydan çoxdur ki, Azərbaycan və İran arasında münasibətlər gərgin olaraq qalır. İran rəsmiləri bu müddət ərzində Azərbaycanın əleyhinə böhtan xarakterli məlumatlar yayırlar. Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 000 dən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Azərbaycan XİN-in rəsmi təmsilçisi vurğulayıb ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək: "Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınması və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır". Həmçinin rəsmi Bakı qeyd edib ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib.