BAKI, 13 oktyabr — Sputnik. Diş əti xəstəlikləri nədir, diş itkisi əsasən hansı səbəblərdən qaynaqlanır?
Sputnik Azərbaycan xəbər verir ki, həkim-stomatoloq Nazim Pənahov müsahibəsində bir çoxlarını düşündürən bu suallara aydınlıq gətirib:
- Diş əti xəstəlikləri nədir?
- Diş əti xəstəlikləri hazırkı dövrün ən aktual problemlərindən sayılır. Diş əti xəstəlikləri dedikdə, diş ətinin, başqa sözlə, dişi dəstəkləyən toxumaların iltihabi xəstəlikləri nəzərdə tutulur. Yetkinlərdə dişlərin itirilmə səbəblərinin 70%-i məhz diş əti xəstəliklərindən qaynaqlanır. Bu xəstəliklərə erkən mərhələdə diaqnoz qoyulduqda onlar asanlıqla və uğurla müalicə edilə bilər. Diş əti xəstəliyinin qarşısının alınması və ya erkən dövrlərində müalicəsi dişlərin qorunması baxımından vacib olduğu qədər, qidanı yaxşı çeynəmək və daha yaxşı həzm etmək nöqteyi-nəzərindən də çox böyük dəyər daşıyır.
Diş əti xəstəlikləri adətən diş ətinin iltihabı ilə başlayır. Xəstəliyin ilkin mərhələsində diş ətlərinə toxunduqda və ya heç bir səbəb olmadan qanayır, rəngləri tünd-qırmızı olur və həcmcə böyüyür. Diş əti xəstəliyinin ilk və ən əhəmiyyətli əlaməti olan qanamaya səbəb dişlər üzərində yığılan və xəstəliyə səbəb olan bakteriyaların müəyyən bir dönəmdə diş ətini iltihablaşdırmasıdır.
Bəzən xəstəliyin erkən dövrlərində çox narahatlığa səbəb olmasa da, müalicə edilməzsə, xəstəlik sonrakı mərhələdə parodontitin digər mərhələlərinə keçə bilər və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz dəyişikliklər yarada bilər. Ağızdan qan və irin qoxusunun gəlməsi, eləcə də diş əti altında və diş əti üstündə diş daşlarının yığılması bu xəstəliyin sonrakı əlamətləri arasındadır.
- Diş əti xəstəliklərinin yaranma səbəbləri nələrdir?
- Diş əti xəstəliklərini ümumi orqanizm xəstəliyi kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən diş əti xəstəliklərinə təkcə yerli, yalnız ağız boşluğunun problemi kimi baxmaq olmaz. Həkim xəstəliyin səbəbini araşdırıb tapdıqdan sonra problem ümumi orqanizm səviyyəsində müalicə olunarsa, daha effektiv və stabil nəticə almaq olar.
Diş əti xəstəliyi olan insanların 30%-nin ailələrində də bu problemlərin olduğu müəyyən edilib. Məlumdur ki, ağız və diş qulluğuna ciddi əhəmiyyət verməyən insanlar diş ətinin xəstəliyinə digərlərindən 6 qat daha çox məruz qalırlar. Qeyd edim ki, siqaret diş ətində problemlərə səbəb olur və diş əti xəstəliklərinin inkişafına yol açır. Bədənin infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olan stress amili də diş əti xəstəliklərinin yaranmasında önəmli rola malikdir.
Bədənin immunitetini gücləndirmək üçün qida maddələrinə diqqət yetirmək lazımdır. Buna məhəl qoyulmadıqda orqanizm xəstəliklərə qarşı həssas olur. Zərərli qida vərdişləri və infeksiyaların əmələ gəlməsini sürətləndirən metabolizmanın pozulması diş əti xəstəliklərinin yaranmasında önəmli rola malikdir. Bundan başqa, qeyd edim ki, artıq çəki ilə mübarizə aparılmazsa, diş əti xəstəliklərinin də inkişafının qarşısı alınmaz. Bununla yanaşı, bədəndə bəzi vitaminlərin əskikliyi də diş əti problemlərinə səbəb olur.
Diş əti xəstəliyinin erkən mərhələlərini lazımi diş məcunu, diş fırçası, diş sapından daimi istifadə və düzgün təmizləmə texnikasına riayət etməklə önləmək olar. Mütəmadi aparılan stomatoloji müayinələr ilə diş əti xəstəliklərinin qarşısı alına bilər.
- Ortodontik problem deyəndə nə nəzərdə tutulur?
- Ortodontiya, diş-çənə anomaliyalarının müalicəsi və profilaktikası ilə məşğul olan bir sahədir. Ortodontiyada dişlərin, diş sıralarının, əngin və çənənin düzgün münasibəti və ideal estetik nizamına nail olmaq üçün müalicə aparılır. Hazırda ortodontik problemlərin hansı yaşda müalicə olunması ciddi problem olmasa da, ancaq diş-çənə anomaliyasının fəsadlarının qarşısını almaq üçün erkən yaşlarda aparılan müalicə daha vacibdir. Diş-çənə anomaliyalarının bir çox səbəbi ola bilər.
Dişlərin vaxtından əvvəl çəkilməsi, dişlərin anomal quruluşu, dar əng və ya çənə bu amillərdəndir. Həmçinin bəzi diş-çənə anomaliyaları irsi olaraq da valideynlərdən uşağa ötürülə bilər. Bu vəziyyətdə uşağı erkən yaşlarından mütəmadi olaraq diş həkiminə gətirmək lazımdır. Bəzi zərərli vərdişlər də anomaliyaların formalaşmasına təsir edir. Baş barmağı, yanağı və ya dodaqları gəmirmək, əmzikdən uzun müddət istifadə etmək, qələmi dişlər arasında tutaraq dişləmək kimi vərdişlər buna nümunədir.
- Bəs ortodontik problemlərin qarşısını necə almaq olar?
- Uşaq qaşıqla qidalanmağa keçdiyi zamandan əmzik istifadəsini dayandırmaq lazımdır. İrsi diş problemlərinin qarşısını almaq mümkün olmasa da, belə halda erkən müalicəyə başlamaq lazımdır. Süd dişləri daimi dişlərin öz normal yerinə çıxması məqsədilə üz-çənə skelet sistemini hazırladığı üçün onların erkən, vaxtı çatmadan çıxarılması da ciddi problemlərə səbəb olur. Uşaq yaşlarından dişlər gündəlik fırçalanmalı və qulluqlarına laqeyd yanaşmamalıyıq.
Ortodontik müalicə dişlərin görünüşünü yaxşılaşdırır və gözəl bir təbəssümü təmin edir. Ancaq düzgün diş-çənə quruluşu təkcə estetik görünüşü təmin etmir, həm də çeynəmənin rahat və nitqin səlis olmasına köməklik edir. Anomal yerləşən dişlərin düzəldilməsi ağız sağlamlığı üçün də vacibdir.
Dişlərdəki sıxlıq, əyrilik dişlərinizin dayaq aparatını zəiflədə bilər ki, bu da ağız sağlamlığı üçün risk deməkdir. Diş-çənə anomaliyası müalicə edilməzsə, dişlərin kariyesi, diş əti xəstəliyi, diş itkisi, nitq və çeynəmə qüsurları, gicgah-çənə oynağının problemləri kimi narahatlıqlara yol aça bilər.