DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bütün MDB dövlətlərinin KTMT-nin Koordinasiya Şurasına cəlb olunması təklif edildi

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, MDB ölkələri beynəlxalq terrorçuların planları və Qərbin bundan istifadə niyyətləri barədə kəşfiyyat məlumatlarının mübadiləsini artırmalıdır.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. ABŞ və onun müttəfiqlərinin laboratoriyalarının fəaliyyəti fonunda MDB ölkələrindən biotəhlükəsizlik problemləri ilə bağlı qarşılıqlı əlaqələri aktivləşdirmək tələb olunur. Bu fikri MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVII toplantısında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev səsləndirib.
Bioloji təhlükəsizlik problemləri

"Birliyə üzv dövlətlərdən bioloji təhlükəsizlik problemləri ilə bağlı qarşılıqlı əlaqələri aktivləşdirmək tələb olunur. ABŞ və müttəfiqlərinin himayəsi altında müxtəlif ölkələrdə aparılan bioloji tədqiqatların şəffaflığını və yoxlanılmasını təmin edən mexanizmlərin olmaması səbəbindən bu sahədə birgə işlərin aktuallığı artır", – deyə o vurğulayıb.

Patruşev MDB-yə üzv ölkələri bioloji və toksiki silahların qadağan olunması ilə bağlı Konvensiya çərçivəsində çoxtərəfli universal mexanizmin yaradılmasını dəstəkləməyə çağırıb. Bundan başqa, onun sözlərinə görə, üçüncü ölkələr tərəfindən bu sahədə nəzarətsiz fəaliyyətlərin qarşısının alınması üçün biotəhlükəsizlik üzrə ikitərəfli hökumətlərarası memorandumların əlaqələndirilməsi və həyata keçirilməsi sahəsində işlərin davam etdirilməsi vacibdir.

"Bununla yanaşı, bütün MDB dövlətlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin səlahiyyətli orqanlarının bioloji təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasının fəaliyyətinə cəlb olunması imkanı nəzərdən keçirilməlidir", – deyə Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.

ABŞ Moskva ilə Mərkəzi Asiyanın əlaqələrini zəiflətmək istəyir
Patruşev onu da diqqətə çatdırıb ki, ABŞ Rusiyanın Mərkəzi Asiyadakı tərəfdaşları ilə əlaqələrinin zəiflədilməsinə çalışır.

"Bizim Mərkəzi Asiyadakı tərəfdaşlarımızla mövcud əlaqələrimizi zəiflətməyə yönələn səylər əhəmiyyətli dərəcədə artırılacaq", – deyə o bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi bu fikirdədir ki, rəngli inqilabların ssenarilərinin həyata keçirilməsinə qarşı çıxmaq üçün xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyətini əlaqələndirmək və xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının işinə nəzarət sahəsində dialoq qurmaq vacibdir. Onun sözlərinə görə, Qərb ölkələrinin digər düşmənçilik xarakterli addımlarının və MDB ərazisindəki təxribatçı hərəkətlərinin qarşının alınmasında da birgə fəaliyyətə ehtiyac var.
Terrorçular kiber bölmələr yaradırlar
Patruşev onu da qeyd edib ki, terrorçular atıq özlərinin xüsusi kiber bölmələrini yaradırlar. Onun sözlərinə görə, bununla yanaşı, hücumun əsl mənbəyinin vaxtında müəyyən edilməsinin çətinliyində xüsusi təhlükə var və bu, məsələn, silahlı toqquşmalara kimi aparıb çıxara bilən kəskin dövlətlərarası münaqişələrə səbəb ola bilər.
Təhlükəsizlik Şurasının katibi bu fikirdədir ki, bir sıra dövlətlərdə tətbiq olunan epidemioloji məhdudiyyətlər, terrorçuların və cinayətkarların müxtəlif proqram vasitələrindən və internet texnologiyalarından daha geniş istifadəyə keçməsini stimullaşdırıb. Haker qruplarının çoxalması mühüm infrastruktur obyektlərinə kompüter hücumları riskini də artırır.
Bundan başqa, onun sözlərinə görə, NATO ölkələri süni intellekt texnologiyalarının inkişafı, qabaqlayıcı kiber müdafiə konsepsiyasının həyata keçirilməsi və kiber hücum əməliyyatlarının aparılması üçün hazırlanmış xüsusi koalisiya birləşmələrinin yaradılması da daxil olmaqla, hücum informasiya potensialını intensiv şəkildə inkişaf etdirir.

"Bu fəaliyyət bizdən daimi diqqət və vaxtında proporsional reaksiya tələb edir", – deyə Patruşev bəyan edib.

MDB ölkələri kəşfiyyat sahəsində informasiya mübadiləsini artırmalıdır
Patruşev belə hesab edir ki, MDB ölkələri beynəlxalq terrorçuların planları və Qərbin bundan istifadə niyyətləri barədə kəşfiyyat məlumatlarının mübadiləsini artırmalıdır.
RF Təhlükəsizlik Şurasının katibi, həmçinin MDB dövlətlərinin terrorizm və ekstremizmlə mübarizədə xarici siyasət fəaliyyətinin koordinasiyasına ehtiyac olduğunu da vurğulayıb.
AUKUS alyansı
Patruşev AUKUS alyansının yaradılmasının nüvə silahının yayılmaması ilə bağlı fəaliyyətlərə və Asiyada təhlükəsizliyin təmin olunmasına təhdid yaratdığına da diqqət çəkib.
Qeyd edək ki, AUKUS – 2021-ci il sentyabrın 15-də Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktıdır. Pakta əsasən, ABŞ və İngiltərə Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edib. Bir qədər əvvəl isə Avstraliya Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdığını elan edib. Fransa xarici işlər naziri Jan-İv Le Drian Avstraliyanın müqaviləni pozma qərarını "kürəyə saplanan bıçaq zərbəsi" adlandırıb.

"Ağ Evin növbəti avantürasının həyata keçirilməsi naminə (AUKUS-u nəzərdə tuturam) Asiyada təhlükəsizliyin inşası zərbə altına alınır, ASEAN-ın və digər regional birliklərin nüfuzuna xələl gətirmək üçün şərait yaradılır. Eləcə də nüvə silahlarının yayılmasına nəzarət sahəsində təhlükə formalaşdırılır", – deyə Patruşev vurğulayıb.