BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan Krallığı və Sudan Respublikası üzrə nümayəndəsi təyin edilib.
Bu ölkələrdə Konfederasiyanı tanınmış iş adamı Ceyhun Xəlilov təmsil edəcək. Bu barədə Sputnik Azərbaycan-a ASK-dan bildirilib.
Məlumat üçün qeyd edək ki, Ceyhun Xəlilov 1984-cü il iyunun 20-də Bakı şəhərində anadan olub.
2000-2005-ci illərdə Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsini bitirib və 2006-2012-ci illərdə Misirin paytaxtı Qahirədə yerləşən Əl-Əzhər Universitetinin Dilçilik və Tərcümə ixtisasları üzrə təhsil alıb.
Daha sonra, 2014-2018-ci illərdə Misirdə fəaliyyət göstərən EDA universiteti tərəfindən tədris edilən Xarici Ticarət fakültəsini bitirib.
C.Xəlilov əmək fəaliyyətinə 2011-ci ildə "Red Line Shipping" şirkətində başlayıb və hazırda həmin şirkətdə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Bununla yanaşı, "Egypt Azerbaijan Export"; "Bazaar Stone" və "Elite Trading" şirkətlərinin təsisçisi və direktorudur. 2018-ci ildən isə "Global Contracting & Supplies" şirkətinin baş meneceri vəzifəsində çalışır.
C.Xəlilov bir çox qonşu ölkələr – Liviya, Livan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində fəaliyyət göstərir və bir çox xeyriyyəçilik aksiyalarında fəal iştirak edir, Azərbaycan diasporunun fəal üzvlərindən biridir.