Vəhşi təbiətlə canlı görüş: Pirquludakı Safari Park ziyarətçilərə nə vəd edir?
Ərazinin giriş hissəsi ilə ekskursiya marşrutunun ən hündür hissəsi arasında 10 dərəcəyədək temperatur fərqi olur. Odur ki, gələn qonaqlar hava şəraitini mütləq nəzərə almalıdırlar.
SputnikBAKI, 12 oktyabr — Sputnik. Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Sıradakı reportajımız ərazisinin böyüklüyünə eləcə də heyvanlarının sayının və növünün çox olmasına görə nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda yeganə və tək hesab edilən Şamaxı Safarı Parkından olacaq.
Ümumi ərazisi 1200 hektar olan parkın 830 hektarıq hissəsi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflonlar yəni, dağ qoyunları alkapa, lama və zubrların genetik qiymətli heyvanlar kimi xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.
Safari parkın turizim üzrə kordinatoru
Leyla Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, bu parkın yaradılmasının səbəbi belə bir möhtəşəm təbiəti, canlıları insanların da görməsinə imkan yaratmaqdır:
"Safari parkın məqsədi insanlarda heyvanlara sevgini aşılamaq, insanla heyvanın yaxın ünsiyyət qurmasına imkan yaratmaqdır. Avropada, Amerikada vəhşi təbiətdən olan heyvanlar insanların yaşadığı ərazilərə gələ bilirlər. Çünki onların insan qorxusu yoxdur. Onlar insana təhlükə kimi baxmırlar. Amma bizdə belə deyil. Odur ki, bizdə də vəhşi canlılara yanaşma bir az dəyişməlidir".
Parkın daxili infrastrukturunun yaradılması istiqamətində də xeyli iş görülüb. İlkin mərhələdə ora enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün xeyli sayda təbii daldalanacaqlar düzəldilərək bölmələr yaradılıb. Heyvanları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş çəpər çəkilib.
Leyla Əliyevanın dediyinə görə, Safari Park 2017-ci ilin oktrabrında açılıb. Amma müəyyən texniki səbəblərdən və pandemiya şəraitinə görə ziyarətçi qəbul edə bilməyib. Lakin indi artıq turizmçilər və media nümayəndələri üçün parka infotur təşkil olunub. Dünəndən etirbarən park ziyarətçi qəbuluna başlayıb. Buranı həm ərazisinin böyüklüyünə, həm heyvanların zənginliyinə, həm də yaxın məsafədən heyvanları müşahidə etmək imkanlarına görə, Qafqazın ən böyük safari parkı adlandıra bilərik.
Safari Park Pirqulunun dağ-meşə massivi arealında yerləşdiyi üçün ərazidə fəsillərə görə dəyişkən və nisbətən soyuq hava şəraiti müşahidə olunur. Ərazinin giriş hissəsi ilə ekskursiya marşrutunun ən hündür hissəsi arasında 10 dərəcəyədək temperatur fərqi olur. Odur ki, gələn qonaqlar hava şəraitini mütləq nəzərə almalıdır.
Safari Parkın nümayəndəsi İlham Həsənov parka giriş qiymətlərini açıqlayıb:
"Məktəblilər üçün biletlər 5 azn, tələbələr üçün 10 azn, digər yerli və xarici vətəndaşlar üçün 20 azndir. 0-6 yaşlı balacalar heyvanları ödəniş etmədən görə bilərlər. Safari park daxilində avtobuslar və individual maşınlarla turlar mümkündür. Avtobuslar 15 nəfərdən 40 nəfərə qədər ziyarətçini gəzdirir. Lakin avtobuslarla turlara qatılacaq vətəndaşlar gözləməmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Vətəndaşlar öz avtomobilləri ilə əraziyə buraxılmır".
Parkın bağlanma saatları, günün uzunluğu, dəyişən hava şəraiti və heyvanların təbii gündüz işığı davranışları nəzərə alınmaqla qış, yaz, yay və keçiş dövrlərində dəyişdirilir. Qrup şəklində gələn ziyarətçilər (məktəbli, tələbə, yerli və xarici qonaq qrupları) mütləq şəkildə tur vaxtının öncədən qeydiyyatını edərək Safari Parka gələ bilərlər.
"Safari Bus" qrup turu qeyri sezon (soyuq aylarda) gün ərzində 3 dəfə, minimum 15 nəfərlik qrup toplandıqda saat 11:00, 13:00 və 15:00-da ekskursiya marşrutuna çıxacaq.
"Safari offroad car`s" individual tur biletlərinin qiyməti isə belədir:
"Safari car-2per" (2 nəfərlik safari maşın) və "Offroad car-4per" (4nəfərlik offroad maşın) tur bileti 100AZN, "Safari car-3per" (3 nəfərlik safari maşın) və "Offroad car-6per" (6 nəfərlik offroad maşın) tur bileti 150AZN-dir.
Xatırladaq ki, Safari park vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb.
IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı ilə bağlı fikirlərini bölüşürlər.
Qeyd ki, müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Safari sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir.