BAKI, 12 oktyabr — Sputnik. Minaların təmizlənməsi prosesində Böyük Britaniya BMT vasitəsilə Azərbaycana maliyyə dəstəyi göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında yazıb.
"Bu gün @LinksEurope Azərbaycanda "Minaların Aradan Qaldırılması Problemləri" tədbirində danışdım. Böyük Britaniya BMT vasitəsilə artıq Azərbaycana maliyyə dəstəyi göstərir. Böyük Britaniya təşkilatları minatəmizləmə sahəsində dünya liderləridir. ANAMA ilə mütəxəssis səviyyəsində inkişaf edən güclü əlaqələrdən məmnunam", - deyə səfir bildirib.
Qeyd edək ki, bu ilin sentyabrın 2-də Birləşmiş Krallıq ötən ilki Dağlıq Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500,000 funt sterlinq maliyyə ayırıb.
"Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir. Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan kollektiv səyləri dəstəkləməyə çağırırıq", - deyə Böyük Britaniyanın Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton bildirmişdi.