“National Geographic” jurnalının tanınmış əməkdaşı, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Sputnik Azərbaycan-a Qarabağ müharibəsində gördüklərindən söz açıb: ”Otuz il əvvəl Qarabağda təlim görmüş ordu yox idi. Hətta döyüşənlərin çoxunun əynində əsgər forması olsa da, təcrübəsiz idilər. 1979-cu ildən müharibələrin içərisindəyəm. Güclü ordunun nə olduğunu bilirdim. Bəziləri silahdan istifadə etməyi bacarmırdılar. İçərilərində polislər, sərhəd qoruyan əsgərlər, müəllimlər, şəhid olan qardaşının əvəzinə gələnlər var idi.
Ağdam, Laçın, Xocalı, Cəbrayıl, ümumiyyətlə, bütün bölgələrdə olmuşam. Ona görə bu sözlərim dəqiq faktlara əsaslanır. O zamanlar erməni ordusu müharibəyə tam hazır idi. ASALA təşkilatının üzvləri, Livan, Fransa erməniləri çox yardım edirdilər. Güclü snayperləri vardı. Qarabağ camaatı ağlaya-ağlaya, fəryad qopara-qopara evindən qovulurdu. Bu dəhşətli mənzərəni görmək özü də böyük acı verirdi. Mən bu fotoları çəkib, dünyaya çatdırmalı idim.
Amma indi Azərbaycan da, ordusu da tarixin yanlışını düzəltdi və hər şeyi yenidən qurdu. Bilirdim ki, Xocalı faciəsi bu dünyaya sığmayacaq. Gec-tez xeyir şər üzərində qələbə çalacaq”.