BAKI, 12 oktyabr — Sputnik. Bu il Qoşulmama Hərəkatına üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısındakı çıxışında söyləyib.
Sputnik Azərbaycan ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılması, Hərəkatın beynəlxalq proseslərə təsir imkanları ilə bağlı politoloqlar Elşən Manafov və İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, bu Hərəkat dünyada BMT-dən sonra ikinci böyük və nüfuzlu təşkilatdır. Onun sözlərinə görə, soyuq müharibə dövründə ortaya çıxan təşkilat qeyri-kapitalist inkişaf yolunu seçən ölkələrin əksəriyyətini bu blokda birləşdirib:
"SSRİ-nin dağılmasından sonra bu hərəkatın dünyada gedən proseslərə təsir imkanları da artıb. Biz bunu Azərbaycanla bağlı cərəyan edən proseslərdə də gördük. İkinci Qarabağ müharibəsi ərəfəsində dövlətimizin bu hərəkata üzv ölkələrlə qurduğu münasibətlər nəticəsində Azərbaycan əleyhinə qəbul edilə biləcək mümkün qətnamənin qarşısı alındı".
"SSRİ-nin dağılmasından sonra bu hərəkatın dünyada gedən proseslərə təsir imkanları da artıb. Biz bunu Azərbaycanla bağlı cərəyan edən proseslərdə də gördük. İkinci Qarabağ müharibəsi ərəfəsində dövlətimizin bu hərəkata üzv ölkələrlə qurduğu münasibətlər nəticəsində Azərbaycan əleyhinə qəbul edilə biləcək mümkün qətnamənin qarşısı alındı".
Hərəkatda təmsil olunan ölkələr böyük enerji resurslarına malikdir deyən politoloq qeyd edib ki, bu ölkələrin bir neçəsində anti-amerikanizm siyasəti güclüdür: "Azərbaycanın bu bloka sədrlik etdiyi dönəmə üzv ölkələrin münasibəti birmənalı və yüksək olub. Blokun öhdəlikləri Azərbaycan tərəfindən yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan bundan sonra belə regional, subregional və beynəlxalq təşkilatlar vasitəsilə öz həqiqətlərini inamla çatdıracaq".
Politoloq İlyas Hüseynov isə hesab edir ki, Qoşulmama Hərəkatına üzvlük Azərbaycana bir sıra üstünlüklər qazandırıb. O hesab edir ki, Azərbaycan bu Hərəkata üzv olmaqla hərbi, siyasi bloklara qoşulmamaq niyyətini bəyan edib: "Dünyada hərbiləşmiş bir sıra təşkilatlar mövcuddur. Onlar qlobal miqyasda təhdidlər törədir. Azərbaycan isə xarici siyasət kursunu sülh və təhlükəsizlik üzərində qurub. Bu baxımdan Qoşulmama Hərəkatı Azərbaycanın xarici siyasət kursu ilə uyğunluq təşkil edir".
Politoloq vurğulayıb ki, bu Hərəkat keçmişdə qalmış Qarabağ problemi ilə bağlı da önəmli qərarların qəbul edilməsində fəal rol oynayıb: "Bu baxımdan Azərbaycan bu təşkilata önəm verir və diqqət ayırır. COVID-19 pandemiyası dövründə də Azərbaycanın təşəbbüsü ilə bir sıra önəmli addımlar atılıb. Rəsmi Bakı vaksin həmrəyliyi ilə bağlı ideyaları təbliğ edir".