"İşim səhər yeddidə başlayır, axşam saat beşədək burdayam. Burada özümü çox xoşbəxt hiss edirəm, təbiətin vurğunuyam, o mənə bir başqa rahatlıq, sakitlik bəxş edir. Bu işdən bezmirəm".
"Bir insan təbiətə, ətraf mühitə qarşı necə bu qədər laqeyd yanaşa bilər? Necə hər kəsin keçdiyi küçələri tüpürcəklə doldura bilər? Yaxud da necə qarşısından gələn şəxsin qarşısına tüpürə bilər? Küçələri təmizlədiyimizi görüb zibilləyənlər də var, yerə tüpürənlər də var, amma sağ olsunlar, görüb əməyimizi qiymətləndirənlər "əllərinizə sağlıq, bu küçələri necə çiçək kimi etmisiz" deyənlər də var. Hər kəslə hörmətlə davranıram, istəyirəm ki, bu münasibət qarşılıqlı olsun".
"Bir dəfə yanımdan bir boylu-buxunlu kişi keçirdi. Öz-özümə dedim ki, necə də yaraşıqlıdır. Amma bir neçə dəqiqədən sonra bütün fikirlərim alt-üst oldu. Üz-üzə gəlirdik, o yaxınlaşanda lap qabağıma tüpürdü. Ondan bir qədər uzaqlaşandan sonra geri döndüm, ürəyim partlayırdı ki, içimdəkini deyə bilim. Yaxınlaşıb dedim ki, vücudunuz, simanız gözəldir, gözəl şəxsiyyətə bənzəyirsiz, bəs nə üçün yerə tüpürdünüz? Dedim, bəlkə süpürgəçi olduğum üçün düz qabağımda tüpürdünüz? Həmin adam çox üzrxahlıq etdi, dedi ki, siz bu yaşda mənə mədəniyyət öyrətdiniz, tərbiyə verdiniz".
"Bəzən ayaq saxlayıb mənimlə söhbət edən şəxslərə qulaq yoldaşı olur, dərd-sərlərini dinləyirəm. Bəzən onlaırın dərdlərini dinləyəndə öz dərdim yadımdan çıxır. Bəzi insanların taleyinə çox acıyıram".
"Dörd övladım var, hamısı böyükdür, onlar deyir ki, işləmə. Amma mən oğluma görə işləyirəm. Dərdim çoxdur qızım... Səbrsizliklə övladımın yolunu gözləyirəm. Ana olmaq belədir, çox çətindir. Yaşamaq istəyirəm, övladlarıma kömək etmək istəyirəm. Ruhən cavanam, 61 yaşım olacaq, amma elə bilirəm ki, 41 yaşım var. Yaşlanıram deyə düşünsəydim, çoxdan ölərdim. İnsanın gərək ki, ruhu gənc ola".
"Həyat yoldaşım sağdır... Amma sağ olmasaydı, ondan yaxşı idi. Mənə bir cavanlıq, həyat yaşatmadı. İçib gələrək məni döydü, söydü, beləcə gəncliyim, cavanlığım hədər getdi. Min bir zülmlə balalarımı böyütmüşəm. Amma bununla belə o cür adamla birgə yaşamağa dözmüşəm. Nə edərdim ki? İstəmirdim ki, övladlarıma yetim desinlər. İndiki gəlinlər heç nəyə dözmür, tez boşanır. Baxırdım sağ-soluma, qaynanam-qaynatam, anam-atam... Yetim saxlamaqdan da qorxurdum".
"Çox gözəl gəlinlərim var. Həyatda hərə bir şeylə fəxr edir, mən də gəlinlərimlə fəxr edirəm. Gözəl gəlinlərim və bir də təbiət məni yaşadır. Həmişə gəlinlərimə deyirəm ki, hərdən zəif, hərdən də gözəl döyünən bu ürəyim sizlərə qurban olsun".
"İstəmərəm ki, oğlum gəlinimə bir kəlmə acı söz desin, onu döysün. Çünki mən o günləri çox yaşamışam, cavanlığım elə hədər gedib. Düşünürəm ki, yeni qurulan ailədə valideynin rolu çox önəmlidir. Yoldaşım məni döyürdü, anam gilə gedirdim, onlar isə deyirdi ki, cəhənnəm ol ər evinə qayıt, necə gəlmisənsə, eləcə də get. Anam deyirdi ki, mən artıq səni qəbul edə bilmərəm. Beləcə biz dil tapmağa çalışırdıq".
"Qızımın yoldaşı səviyyəli adamdır. Amma qızımın da taleyi mənimki kimi olardısa belə, deyərdim ki, ərinin dilini tap, birgə yaşa. Amma indiki qızlar dözümlü deyillər. Qətllərə pis baxıram. Bəlkə də mənim də yoldaşım başımı kəsərdi, amma o hər zaman nə desə, baş üstə demişəm. Mən hələ indi şalvar geyirəm, həyat yoldaşım bunadək şalvar geyinməyimə qarşı olub. Oğlum dedi ki, anaya soyuqdur, qoy şalvar geyinsin, bundan sonra mən şalvar geyindim. Oğlum da gəlinimi harasa tək getməyə qoymur. Hərənin bir cür xasiyyəti var, sadəcə dil tapıb yaşamaq lazımdır. Bunun üçün qadında iradə lazımdır, hər xırda şeydən boşanmazlar. Övladları yiyəsiz böyütmək olmaz axı".
"Bacım qızı gözəllik salonunda işləyirdi, 37 yaşı tamam olacaqdı, əri iş yerinə gələrək onu öldürdü. Əri əyyaş, narkoman idi. Qız nə qədər ata evinə qayıtsa da, valideynləri deyirdi ki, get ərinin yanına, kəndçiyik, ellimizdir, uşaqlarınız var. Ana öldü, uşaqların atasının isə həbsxanada ürəyi partlayaraq öldü, 3 gözəl bala yetim qaldı. Onların ən böyük övladlarının 18 yaşı var, indi bacım o uşaqlara baxır".
"Şirkətin rəhbəri Bünyat müəllim məni hər dəfə görəndə xüsusi ədəb-ərkanla salam verir, hal-əhval tutur, "yorulmayasız", deyir. Bu cür davranış həqiqətən də müsbət emosiya bəxş edir".
"Nə olsun ki, süpürgəçiyəm, dırnaqlarım hər zaman laklı olub, saçım hər zaman formada olub. Yaşından asılı olmayaraq qadın mütləq özünə baxmalıdır. Süpürgəm, xəkəndazım, süpürdüyüm zibildən asılı olmayaraq hər zaman səliqəli görünməyə çalışmışam. Hər zaman qadının yanında duran şəxs ondan zövq almalıdır".
"Şirkətin rəhbəri Bünyat müəllim məni hər dəfə görəndə xüsusi ədəb-ərkanla salam verir, hal-əhval tutur, "yorulmayasız", deyir. Bu cür davranış həqiqətən də müsbət emosiya bəxş edir"."Qida borumda darlıq olduğundan gəlinim hər şeyi üyüdüb verir, elə yeyirəm. Kasıb adamıq, aldığımız maaşı qarnımıza xərcləyirik. Səkkiz min manatlıq əməliyyatdır, bu əməliyyat üçün maddi gücümüz çatmır. Nə qədər maaş alsam da, nə kommunal xərclərə, nə də ki, yeməyə yetir. Amma maddiyyat boş şeydir, əsas can sağlığıdır".