RUSİYA

Patriarx Kirilldən Şeyxülislam Allahşükür Paşazadəyə xoş sözlər

Patriarx Kirill Şeyxülislam Allahşükür Paşazadəyə deyib ki, tanış olduqları 30 il ərzində elə bir hal, elə bir mövzu olmayıb ki, onları ayırsın, gərginlik yaratsın.
Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə sonuncu dəfə iki il bundan öncə görüşdüyünü xatırladıb.
“Mən sizin üçün darıxmışam. Biz adətən sizinlə müntəzəm olaraq görüşürük. Bu görüşlər hər zaman mehriban, deyərdim ki, qardaşlıq atmosferində keçir. Bu müddət ərzində bir-birimizə qarşı inamlı atmosfer yaranıb. Bu çox vacibdir. Çünki biz sizinlə sadə olmayan məsələləri müzakirə edirik. Bu məsələ dini liderlərin görüşünün gündəliyində dayanır. 30 il ərzində, tanışlığımız dövründə elə bir hal, elə bir mövzu olmayıb ki, bizi ayırsın, gərginlik yaratsın. Biz həqiqətən də hər zaman müzakirə etdiyimiz məsələlərin həllini axtarıb tapmışıq, tapırıq və tapacağıq”, - Patriarx Kirill deyib.
Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiya Federasiyasına səfəri başlayıb. Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.
Həmçinin oxuyun:
* Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Moskva görüşünün vaxtı açıqlandı