RUSİYA

Əcnəbi həkimlər Rusiyada hansı səbəbə görə imtahan verəcəklər?

Ekspertlər MDB ölkələrindən olan həkimlərin Rusiya tibbində kadr çatışmazlığı problemini həll edə biləcəyi məsələsini izah ediblər.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Rusiyada əcnəbi həkimlər üçün yeni imtahan olacaq. Hal-hazırda "Roszdravnadzor" tərəfindən hazırlanan xarici tibb işçilərinin test qaydası layihəsi Rusiya Federasiyası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Rusiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, imtahan yalnız xaricdə təhsil alan həkimlər üçün nəzərdə tutulub. İmtahanın mahiyyəti və xarici həkimlərin Rusiyada pandemiya zamanı yaranan kadr böhranını sabitləşdirə bilmək imkanı Sputnik-in materialında.

Problem rəqəmlərdədir

Bir neçə ildir ki, Rusiyada tibb işçilərinin çatışmazlığından danışılır. Hələ 2018-ci ildə "Rosstat"ın məlumatına görə, ölkədə boş həkim stavkasının sayı 50 min idi. Ümumilikdə, Rusiyanın dövlət səhiyyə sektorunda o dövrdə təxminən 549 min həkim var idi və bu say bir il ərzində cəmi 16 min artsa da, 2015-ci ilin göstəricilərinə çatmadı (665,9 min həkim). Ötən 2020-ci il koronavirus pandemiyası səbəbindən Rusiya təbabəti üçün xüsusilə çətin il olub. "Roszdravnadzor" xəbər verir ki, 2020-ci ilin iyun ayına qədər koronavirus səbəbindən 489 həkim vəfat edib.
CƏMİYYƏT
Koronavirusa yoluxanların yalnız 30 fazinin psixikası bərpa olunur
"RF həkimləri" peşəkar cəmiyyətinin araşdırması da həkimlərin çatışmazlığından bəhs edir. Təşkilatın apardığı sorğunun nəticələrinə əsasən, 2855 həkimdən 87%-i tibb müəssisələrində işçilərin çatışmadığını bildirib. Səlahiyyətlilər səhiyyə sahəsindəki çətin vəziyyətdən də danışıblar. "İmtahan gözlənilirdi" Kadr çatışmazlığı problemini həll edərkən keyfiyyətdə itirmək olmaz. Bu fikri oktyabrın 7-də RF Səhiyyə nazirinin müavini Tatyana Semyonova bildirib.
"Biz bilirik ki, Rusiya Federasiyasında tibbi kadrların və həkimlərin çatışmazlığı davam edir. Ancaq kəmiyyət məsələsinin birbaşa keyfiyyət məsələsindən asılı olduğunu təkrarən vurğulayırıq", - Semyonova qeyd edib.
Bu ilin əvvəlində Rusiya hökuməti əcnəbilərin tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmasına icazə verilməsi haqqında qərara dəyişiklik edib. Əvvəllər xarici həkimlərin yalnız ixtisas üzrə imtahan verməsi və lisenziya alması kifayət idi. Yenilənmiş sənədə əsasən, əcnəbi həkim xüsusi imtahan verməli, həmçinin rus dilini, Rusiya tarixini və qanunlarını bildiyi haqqında sertifikat almalıdır.
Moskva hökuməti yanında Millətlərlə İş Şurasının miqrasiya komissiyasının sədri Yuri Moskovski hesab edir ki, bu yeniliklər gözlənilən idi.
"Heç bir ölkədə əcnəbilər ixtisasını təsdiq etdirmədən tibbi fəaliyyətə başlaya bilməzlər. Bu, yerli əmək bazarının müdafiəsidir. Keçmiş Sovet İttifaqı ölkələrindən bəhs etsək də, bəzi ölkələrdə rus dilinin səviyyəsi aşağı düşüb, ona görə də bu anı izləmək vacibdir", - Moskovski açıqlamasında bildirib.

Miqrant həkimlər niyə sərfəlidir

Yuri Moskovski qeyd edib ki, tibb işçilərinin əsas axını qonşu ölkələr tərəfindən təmin edilə bilər. "Uzun illər ortaq bir səhiyyə sistemimiz var idi", - deyən mütəxəssis əlavə edib ki, bütün əcnəbilər yenidən imtahan verməyəcəklər. Birincisi, Avrasiya İttifaqına üzv ölkələrin diplomları ekvivalent sayılır (yəni avtomatik olaraq Birlik ərazisində tanınır). İkincisi isə, Rusiyada xarici həkimlərin əksəriyyəti yerli universitetləri bitirib.
"Rossotrudniçestvo" federal agentliyinin məlumatına görə, Rusiya universitetlərinə kvota ilə daxil olmaq istəyən xarici abituriyentlər arasında ən çox tələb olunan ixtisas "Klinik tibb"dir. Bu, müraciətlərin 19%-ni təşkil edir. Üstəlik, seçimdə ən fəal iştirakçılar keçmiş sovet respublikalarının - Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan - vətəndaşlarıdır.
RUSİYA
Rusiyada miqrantın elektron kartı: bu barədə nə məlumdur?
Rusiyanın səhiyyə işçilərinin bölgələrarası "Fəaliyyət" həmkarlar ittifaqının həmsədri Andrey Konoval bildirib ki, böyük şəhərlərin tibb sistemində kadr vəziyyətini sabitləşdirən məhz Rusiyada təhsil alan Orta Asiya ölkələrinin vətəndaşlarıdır.
"Rusiyada həkimlərin sayına görə liderlər Moskva və Sankt-Peterburqdur. Və məhz orada Orta Asiya ölkələrindən bir çox mütəxəssislər çalışırlar", - deyə Konoval bildirib. Konoval miqrant həkimlərə harada xüsusi tələbat olduğunu da izah edib. "Bu, ən çox ilkin tibbi yardımda - poliklinikada, rayon xidmətlərindədir. Bizdə çox vaxt bir həkim bir deyil, iki sahədən xəstə qəbul edə bilər, ancaq bu, səhvdir, həkim hər bir xəstənin anamnezinin nüanslarını bilmək üçün yalnız bir sahədə olmalıdır", - deyə o qeyd edib.
Konoval bildirib ki, əcnəbi mütəxəssislər həmçinin təcili yardım işinə də yarayacaqlar. "Pandemiyadan əvvəl də həmkarlar ittifaqımız deyirdi ki, ölkədə lazım olduğundan daha az briqada var, koronavirus isə hər şeyi daha da kəskinləşdirdi: həkimlərə daha çox yük düşür. Təsəvvür edin ki, fabrikdə bir işçi 8 saat deyil, 16 saat işləyir. Çağırışların sayı artığı üçün həkimlər də belə işləyirlər. Üstəlik, özləri də xəstələnib karantinə gedə bilərlər - və bu, tibbə yeni zərbədir. Buna görə də əlavə əllərə ehtiyacımız var, onları isə imtahanlar vasitəsilə yoxlamalıyıq", - deyə Konoval bildirib.
Eləcə də oxuyun:
* Miqrantlar üçün xüsusi şərtlər: Moskvada əcnəbilərin peyvəndi necə aparılır?
* Rusiya Azərbaycana çağırış etdi - 120 min vətəndaşınızı qaytarmasanız...
* Deportasiyanın bir addımlığında: Rusiya qeyri-leqal miqrantlar problemini necə həll edir?
* Rusiyada miqrantlara xüsusi rejim tətbiq olunacaq