TƏHLİL

ABŞ-da istehsal olunmuş silahlar Ukraynaya çatdırıldı: bəs sonra?

Silahlandırma sahəsindəki mütəxəssislərin əksəriyyəti "Hamvi"ləri yüksək keçiriciliyə malik avtomobil kimi dəyərləndirmir və onları hərbi maşın hesab etmir.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Tarixdə Amerika Birləşmiş Ştatlarının xarici ordulara təlim keçməsi və onları silahlandırması ilə bağlı uğurlu nümunə yoxdur. Əksinə, Pentaqonun dəstəyi və standartları əsasında yaradılan orduların darmadağın edilməsi tendensiyası müşahidə olunur. Buna misal olaraq Gürcüstan (2008), İraq (2015) və Əfqanıstanı (2021) göstərmək olar. Növbədə isə amerikalıların get-gedə daha çox silahla təchiz etdiyi və öyrətdiyi Ukraynadır.
Oktyabrın 10-da ABŞ Kiyev yaxınlığındakı Borispol hava limanına Ukrayna Silahlı Qüvvələrinə 60 milyon dollarlıq ilk yardım dəstəsini – yüksək dəqiqliyə malik silahlar, döyüş sursatı və radar müşahidə cihazlarını çatdırdı. Ümumilikdə 2021-ci il üçün ABŞ büdcəsindən Ukrayna Silahlı Qüvvələrinə 250 milyon dollarlıq silah tədarükü nəzərdə tutulub. Əslində, amerikalıların Kiyevə xüsusi qayğı göstərdiyini söyləmək çətindir. Son yeddi il ərzində ümumilikdə hərbi yardımın həcmi 2 milyard dollar təşkil edib. Başqa sözlə, hazırda hərbi qulluqda olan 255 min hərbçiyə ildə təxminən 1000 dollar (və ya ayda 93 dollar) düşür.
ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsində Ukrayna üçün 300 milyon dollar nəzərdə tutulub ki, bu pula da yalnız Birləşmiş Ştatların yarımmüstəmləkəsi kimi şübhəli reputasiya və get-gedə artan milli təhlükəsizlik problemləri qazanmaq mümkündür. Çünki 200 minlik müasir ordunun yenidən silahlandırılması bundan on qat baha başa gəlir. NATO üzvü olan Şərqi Avropa ölkələrinin ordusunda təyyarə və tankların olmaması isə çox şeydən xəbər verir.
Amma hər bir halda, ortamüddətli perspektivdə Kiyevə Amerika silahlarının tədarükünün artması gözlənilir. Ukrayna və ABŞ sentyabrın 1-də Rusiyaya qarşı hərbi əməkdaşlıq və müqavimətlə bağlı yenidən "razılığa gəliblər". Həmin gün Pentaqonun rəhbəri Lloyd Ostin Vaşinqtonda keçirilən görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə "Javelin" tank əleyhinə raket kompleksləri və "bir çox başqa şeylər" vəd etdi. Bir qədər sonra "The American Conservative" jurnalı bildirdi ki, Vaşinqton Ukraynanı de-fakto NATO üzvü kimi qəbul edir.
Bu "təhlükəli sərsəmlik" Ukrayna xalqına və bütövlükdə Avropaya yaxşı heç nə vəd etmir.
Ukrayna nümayəndə heyətinin Vaşinqtondakı sentyabr görüşünün nəticəsinə əsasən, "Ukroboronprom" Amerika şirkətləri ilə ümumi dəyəri 2,5 milyard dollar olan üç əməkdaşlıq müqaviləsi imzalayıb.
Rusiya dəfələrlə ABŞ və NATO-dan Ukraynaya hərbi dəstək və silah tədarükünü dayandırmağı tələb edib.
Zəif zireh
Ötən bazar günü amerikalılar Ukraynaya yüksək dəqiqliyə malik silahlar, hərbi sursat, radiolokasiya-müşahidə cihazları və tibbi avadanlıq çatdırdı. Fotolardakı "səhra rənglərindən" belə başa düşmək olar ki, HMMWV hərbi avtomobilləri Kiyevə Əfqanıstandan tranzit yolu ilə (sarı rəngli kamuflyaj yalnız səhra şəraitində işə yarayır) gətirilib.
HMMWV avtomobillərinin xarakteristikası və üzərindəki pulemyot afrikalı "üsyançıları" qorxutmağa qadirdir. Avropada isə bu maşınların zirehi güllə və minalardan qorumayacaq.
Silahlandırma sahəsindəki mütəxəssislərin əksəriyyəti "Hamvi"ləri yüksək keçiriciliyə malik avtomobil kimi dəyərləndirmir və onları hərbi maşın hesab etmirlər.
HMMWV-ləri əldə etmiş Ukrayna Silahlı Qüvvələri artıq mühərrikin "sözə baxmamasından" şikayətlənməyə başlayıblar – 4000-5000 kilometr gedəndən sonra filtrlərin dəyişdirilməsi və mühərrikin təmizlənməsi tələb olunur. Ehtiyat hissələrinin qıtlığı isə texniki qulluğu çətinləşdirir.
Ukrayna Prezidentinin mətbuat xidməti hələ 2015-ci ilin mart ayında ABŞ-ın 73 milyon dollarlıq əvəzsiz hərbi-texniki yardımı kimi ilk partiyanın tədarükü (10 ədəd HMMWV avtomobili) barədə məlumat vermişdi. Daha sonra bu avtomobilləri Ukrayna tank əleyhinə raket sistemləri ilə təchiz etmək planlaşdırılırdı. Ancaq ilk 10 HMMWV avtomobilinin izi Ukrayna çöllərində yoxa çıxdı. Beləliklə, onların şücaəti naməlum qaldı.
Bir qədər əvvəl "Ukroboronprom" özlərinin hərbi təyinatlı zirehli avtomobillərini – "Raptor", "Kozak", "Maxno", "Kuquar", "Spartan", "Şrek", "Fiona" və s. – buraxmağı təklif etdi. Ancaq axırda nə ilə nəticələnəcəyini bilmədikləri bu avtomobillərə uzunmüddətli investisiya yatırmaqdansa, "bəxşiş olunan ata" üstünlük vermək qərarına gəldilər.
Vaşinqton Kiyevə avtomobillər, artilleriya (kontrbatareyalı) radarları və təcili yardım çantaları hədiyyə edə bilər, amma nəzərə almaq lazımdır ki, bütün bunları Ukraynaya peşkəş vermirlər. Amerikadan texnika və silah alanlar üzərinə müəyyən öhdəliklər götürürlər: qeyd-şərtsiz Amerikanın düşmənçilik siyasətinə boyun əymək və sistemli şəkildə Vaşinqtonun göstərdiyi ölkələrə qarşı təxribatlar törətmək.
ABŞ Ukraynaya silah tədarük etməklə regionda hərbi-siyasi vəziyyəti qızışdırır, ukraynalıları müharibəyə itələyərək əhəmiyyətli itkilərə məhkum edirlər. Halbuki bu yolla Donbasdakı münaqişə həll olunmur, Ukraynanın Rusiyanın hərbi gücü ilə yarışması isə mənasız təsir bağışlayır.
Vaşinqtonun silah tədarükü strategiyası tamamilə şəffafdır: şərqi avropalı aborigenlər bir-birini qıraraq "müstəsna" xalq olan amerikalılara yer açmalıdırlar.
Fərqli çaplı qumbaralar
Kiyevə çatdırılan yüksək dəqiqliyə malik silahların siyahısında iki silah əsas yer tutur: iriçaplı (12,7 mm) "Barrett" M82 snayper tüfəngi, "Javelin" tank əleyhinə raket kompleksi və onların hərbi sursatları.
Yarım metrlik, təxminən 15 kiloqram ağırlığındakı "Barrett" M82 tüfəngi 1800 metrə qədər məsafədə hədəf atışını yerinə yetirməyə imkan verir, ancaq "terminatorların" supersilahı sayıla bilməz. Müqayisə üçün bildirək ki, Rusiyanın 12,7 millimetr çaplı "Kord M" snayper tüfəngi təxminən 10 kiloqram ağırlığındadır və daha uzaq – 2000 metrə kimi – hədəfləri zərərsizləşdirməyə imkan verir.
Donbasda Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının əlində Barrett M82-lər hələ 2015-ci ildən diqqəti cəlb edib. Həmin vaxt bu ölkənin daxili işlər naziri Arsen Avakov sözügedən silahların milli qvardiyaya daxil olduğu barədə məlumat vermişdi. Bəs bu 12,7 millimetr çapa malik Amerika tüfəngləri aradan keçən altı il ərzində Ukraynanın Rusiyaya qarşı müqavimətində hansı rolu oynayıb? Sual ritorik xarakter daşıyır...
"Javelin" tank əleyhinə raket müdafiə kompleksi isə 2017-ci ildən Ukrayna Silahlı Qüvvələrinin sərəncamındadır.
Yerüstü obyektlər (möhkəmləndirilmiş bunkerlər, istehkamlar) tərəfindən müdafiə olunan ağır zirehli maşınları, eləcə də nisbətən aşağı sürətlə və alçaqdan uçan 2500 metrə qədər məsafədəki hava hədəflərini (dronlar, helikopterlər) məhv etmək üçün nəzərdə tutulub.
Kombinə edilmiş nişangah hədəfi dörd dəfə böyüdən optik cihazla təchiz edilib ki, bu da gecələr belə döyüşməyə imkan verir. Amerikalılar heç kimə belə silahları pulsuz vermirlər.
Mülahizələrə görə, Ukrayna Silahlı Qüvvələrinin sərəncamında təxminən 1000 ədəd FGM-148 "Javelin" kompleksi var. Bir ədəd belə raket kompleksinin dəyəri isə 125 min dollardır. Raketinin dəyəri də təxminən 40 min dollardır. Ancaq "Javelin"in Ukrayna böhranının həllində təsiri sıfıra bərabərdir.
Ukrayna Müdafiə Nazirliyi bəyan edib: "Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən Ukrayna Silahlı Qüvvələrinə əlavə yardımın göstərilməsi dövlətlərimiz arasında sarsılmaz strateji tərəfdaşlığın daha bir təzahürüdür".
Əslində isə Kiyevə Amerika silahlarının göndərilməsi Rusiya Federasiyası və Şərqi Avropa ilə həmsərhəd digər dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.
Beləliklə Ukrayna cəbbəxanasının artması ilə yanaşı, əvvəldən müəyyənləşdirilmiş "qırmızı xəttin" narahat qonşular tərəfindən keçilməsinə görə Moskvanın operativ reaksiya vermək ehtimalı da çoxalır.