CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncəyə atılan raket evini dağıtdı, yaralandı, lakin qorxmadı - güldü

Bəxtiyar öz doğma evində oyuncaqlarını, özünə məxsus əşyaları axtarırdı. Amma onu uçuq, dağınıq divarlar qarşılayır.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 11-i gecə saatları uşaq, böyük, ahıl yuxuda olan zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın 2-ci böyük şəhəri, Gəncəyə 4-cü dəfə raket zərbələri endirir.
Döyüş meydanından kilometrlərlə uzaqlıqda yerləşən şəhərə hücum zamanı 10 mülki şəxs həlak olur, 34 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alır. Baş verən hadisədə xəsarət alanlar içərisində 5 yaşlı Bəxtiyar Heydərli də vardı. Onun qan içində olsa belə simasındakı gülüş, Gəncənin azyaşlı sakinin də düşməndən qorxmadığına işarə verirdi.
Kiçik qəhrəmanla ermənilərin raket atdığı, yerlə yeksan etdiyi məkanda görüşdük. Bəxtiyar öz doğma evində oyuncaqlarını, özünə məxsus əşyaları axtarırdı. Amma onu uçuq, dağınıq divarlar qarşılayır. Bəxtiyar Heydərli danışmağı o qədər sevməsə də, Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətəşib:
Beş yaşlı Bəxtiyar Heydərli rmənilərin atdığı raket nəticəsində dağılan evlərinin qarşısında

Yuxudan ayıldım ki, evimiz dağılıb hər tərəf toz-torpaq içindədir. Küçədən qışqırtı səsləri gəlirdi. Valideynlərim məni və bacımı evdən çıxarmağa çalışırdılar. Onlar deyirdi ki, ermənilər raket atıb. Gözümü aça bilmirdim, üz-gözüm qan idi. Amma qorxmurdum mən. Xəstəxanaya getdik, mənə həkimlər yardım edəndə gülürdüm. Orada mənim şəklimi çəkib paylaşdılar. Sonra mənə sual verdilər ki, niyə gülürsən? Mən dedim qorxmuram, heç kişidə qorxarmı?! Böyüyüb Polad Həşimov olacam, yəni onun kimi qəhrəman... O çox güclüdür, mən də güclü olacam”.

Bəxtiyar Heydərli ailənin ilk övladıdır, özündən kiçik bir bacısı da var. Düşmənin raket zərbələri zamanı 6 nəfər ailə üzvündən yalnız Bəxtiyar ciddi xəsarət alır. Üz gözü qan içində olan kiçik qəhrəman ağlamır, əksinə gülür. Atası Elnur Heydərov övladının gülüşünün düşmənə göz dağı olduğunu deyir. Bəxtiyar gülərək Gəncənin kiçik sakininin də, ermənidən qorxmadığını sübut etdi:
Bəxtiyar Heydərli atası Elnur Heydərovla birgə

“Oktyabrın 11-i gecəsi, çox dəhşət idi. Bu dəqiqə danışdıqca gözümün önünə gəlir həmin anlar. Bəxtiyarın 5 yaşı vardı hadisə vaxtı. Ümumən qorxaq uşaq deyil. Çox incitməsən, ağlıyan da deyil. Evimiz raket zərbəsindən sonra dağıldı, 6 nəfər ailə üzvümüzdən daha çox Bəxtiyar yaralanmışdı. Tez onu xəstəxanaya çatdırdıq, həkimlər ona yardım etdikcə, uşaq gülürdü. Jurnalistlər onun şəklini çəkib paylaşmışdılar. Elə ondan sonra məşhurlaşdı. Soruşanda Bəxtiyar niyə gülürdün? Deyirdi ata mən qorxmuram. Mən Polad Həşimov kimi, qəhrəman olacam. Ermənilər dinc sakinlərə xeyli ziyan vurdu. Amma böyükdən kiçiyə hər birimiz qorxmadan öz şəhərimizdə qaldıq, Gəncəni tərk etmədik. Qələbəyə sevindik, şahidlik etdik. Çox saq olsun ölkə rəhbərimiz, bizim üçün yeni evlər tikilir. Dəymiş ziyan ödənilir. Bir daha belə acılar yaşamayaq!”

Beş yaşlı Bəxtiyar Heydərli rmənilərin atdığı raket nəticəsində dağılan evlərinin qarşısında
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 2020-ci il oktaybr ayı ərzində 5 dəfə “Smerç”, “Skad”, “Toçka U” və digər raket zərbələrinə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub. 127 şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onlardan da 29 nəfəri uşaqdır.