"Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi. Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular və bildiyiniz kimi, tərksilah edildilər, həbs olundular. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Yəni, onu demək istəyirəm ki, hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı".
"Onu da bildirməliyəm ki, keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.
Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb.
Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir".
"Siz bilirsiniz, mən 2003-cü ildən başlayaraq məcburi köçkünlərlə ildə bir neçə dəfə görüşmüşdüm, həm açılışlarda, - çünki 100-dən çox şəhərcik inşa edilmişdir, hər bir açılışda mən iştirak edirdim, - həm də ki, başqa tədbirlərdə. Görürdüm ki, son illər onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?! Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq.
Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı başa düşürəm. Çünki mən keçmiş məcburi köçkünlərlə Azərbaycanda bəlkə də ən çox təmasda olan insanam. Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib "Öldü var, döndü yoxdur!" şüarı ilə qabağa gedəydik və getdik. Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır".