Şagird çox, sinif yox! Altmış şagirdin bir sinifdə oxumasının səbəbi
Bakıda şagird sıxlığı bütün bölgələrdən çoxdur. Bölgələrdə hər 9 şagirdə bir müəllim düşürsə, Bakıda bu rəqəm 14-dür.
SputnikBAKI, 8 oktyabr — Sputnik. Yeni tədris ilinin ənənəvi formada başlanması ümumtəhsil müəssisələrində şagird sıxlığı problemini yenidən gündəmə gətirib. Bu gün Bakı və Abşeronda yerləşən məktəblərdə şagird sayı 50 nəfərdən çoxdur. Hətta vəziyyət o həddə çatıb ki, bəzi məktəblərdə şagird sıxlığı olan siniflər digər məktəblərə köçürülür.
Bakı və Abşeron məktəblərində şagird sıxlığı problemi...
Abşeron rayonu, Xırdalan şəhər 2 nömrəli məktəbin valideynləri övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 3 nömrəli məktəbə köçürülməsindən narazıdırlar. Valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 2 nömrəli məktəbin rus bölməsi üzrə I sinfə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 2 yox, 3 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib:
"Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq".
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Bakıda 6 nömrəli məktəb-liseydə siniflərdə şagird sayının çox olması ilə bağlı şikayətlər öz əksini tapmışdı. Övladını məktəbə göndərən valideynlər iddia edirdilər ki, onlara sinif otağında 49 şagirdin olacağı bildirilib. Məktəb rəhbərliyinə şagird sayının çox olması ilə bağlı müraciət edilib, lakin sıxlığı aradan qaldırmaq üçün tədbir görülməyib:
"Məktəb rəhbərliyinə müraciət olunanda onlara bildirilib ki, bəzi siniflərdə 60, hətta 70 şagird var, lakin həmin siniflərdə heç kəs etiraz etmir. Deyirlər ki, əgər kimin xoşu gəlmirsə, uşağını məktəbdən çıxarıb digərinə qoysun. 60 nəfər şagirdlə sinif olar? Heç pandemiya olmasaydı da, belə sinif hansı standartlara uyğun gəlir? Qanunvericilikdə bunu tənzimləyən hər hansı normativ və ya qayda yoxdur?"
Təhsil Nazirliyindən isə bildirilib ki, T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə 60 və ya 70 şagird olan siniflər fəaliyyət göstərmir. Ən çox şagird olan sinifdə hazırda 50 şagird var. Nazirlik, həmçinin məktəblərdə şagird sıxlığı ilə bağlı məsələyə də aydınlıq gətirib:
"Azərbaycanda mövcud siniflərin yalnız 0,3 faizində 40 və daha çox şagird var. Bu sıxlığın müəyyən obyektiv və subyektiv səbəbləri var. Ümumi təhsil müəssisələrində şagird sıxlığı Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"na əsasən tənzimlənir".
Göründüyü kimi bu tədris ilindən ümumtəhsil müəssisələrində şagird sıxlığı problemi özünü daha qabarıq formada büruzə verib. Sputnik Azərbaycan problemin həlli yollarını araşdırıb.
Qeydiyyatsız yaşayanlar problem yaradır...
Təhsil üzrə ekspert
Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün sıxlıq əsasən Bakı və Bakıətrafı yaşayış massivlərində, eləcə də Abşeron ərazisindədir. K.Əsədov deyir ki, əvvəldən bu ərazilərdəki ümumtəhsil müəssisələrində nə qədər şagirdin təhsil alacağını proqnozlaşdırmaq çətindir. Çünki paytaxtda və Abşeronda məskunlaşma sürətlə gedir və əhalinin çoxu yaşadığı ərazidə daimi qeydiyyata düşmür. Amma yeni məskunlaşan əhali yaşadığı ərazi üzrə övladlarını məktəbə göndərirlər:
"Məktəblərdə tədris ilinin başlamasından xeyli müddət öncə nə qədər şagirdin təhsil alacağını proqnozlaşdırmaq mümkün deyil. Bu gün Bakıda və Abşeronda rəsmi qeydiyyatda olan əhali sayı ilə qeyri-rəsmi yaşayanların sayı ciddi fərqlənir. Məktəblər isə rəsmi qeydiyyatda olan əhali sayına uyğun hesablanıb. Ona görə də məktəblər nə qədər şagird qəbul edəcəklərini bilmirlər. Yeni yaşayış sahəsi salınan ərazilərdə yeni tikililərə kupça yox, müqavilə verildiyindən insanlar yaşadığı ərazi üzrə daimi qeydiyyata düşə bilmirlər. Nəticədə də orta məktəblərdə şagird sıxlığı yaranır. Bu il Bakı məktəblərinə 48 min uşaq qəbul edilib. Bakıda şagird sıxlığı bütün bölgələrdən çoxdur. Bölgələrdə hər 14 şagirdə bir müəllim düşürsə, Bakıda bu rəqəm 8-dir".
Bakı və Abşeron məktəblərində fövqəladə vəziyyətdir...
K.Əsədov deyir ki, məktəblərin kontent tutumu olmalıdır. Proqnozlaşdırılan şagird tutumu ilə yanaşı, fövqəladə vəziyyətdə şagird tutumu nəzərə alınmalıdır:
"Hazırda Bakı və Abşeronda məktəblərin şagird tutumu fövqəladə rejimə uyğundur. Bu gün paytaxtda bir məktəbdə 12 birinci sinif olan məktəblər var. Hər sinifdə isə 45-50 şagird var. Bakı və Abşeronda bəzi məktəblərdə şagird sayı 50-ni keçib. Burada keyfiyyətli təhsildən söhbət gedə bilməz".
Nazirlər Kabinetinin qərarı əngəl törədir...
Ekspert bildirir ki, mövcud problemdən çıxış yolu şagird sıxlığı olan məktəblərdə şagird tutumunu artırmaqdır: "Hansı məktəblərdə sıxlıq yaranarsa, o məktəblərdə mərtəbə sayı ən azı 3-ə çatdırılmalıdır".
K.Əsədovun sözlərinə görə, paytaxtda əksər məktəblərin dörd mərtəbəliyə çevrilməsi mümkündür. Amma Nazirlər Kabinetinin müvafiq qərarı bunu əngəlləyir:
"Nazirlər Kabinetinin 171 saylı qərarına əsasən məktəb binasının mərtəbə sayı üçdən artıq ola bilməz. Ən son zərurət olan halda məktəblərdə 4-cü mərtəbə inşa olunur. Çox yaxşı olardı ki, iki mərtəbəli məktəblər ən azı üç mərtəbəli məktəbə çevrilsin. Əlavə korpuslar mütləq şəkildə inşa edilməlidir. Məktəblərin hamısında bu infrastruktur var".
K.Əliyev deyir ki, Bakıdakı 320 məktəbin 300-ü ötən əsrin əvvəllərində inşa edilib. O zaman isə şagird sayı az olub. Onu sözlərinə görə, az şagird tutumu olan məktəblərdə sinif otaqları böyüdülməlidir.
Ekspert onu da əlavə edir ki, mövcud normalara görə, bir sinifdə 20-25 şagirddən artıq sayda şagird ola bilməz.
Nazirlik problem görmür...
Təhsil Nazirliyindən isə sorğumuza cavabda bildirdilər ki, şagird sıxlığı məsələsinə nazir aydınlıq gətirib. Təhsil naziri Emin Əmrullayev bildirib ki, sinifdə 40-42 uşaq olanda bu, müəllim çatışmazlığı ilə əlaqədar deyil, daha çox valideynlərin məhz həmin müəllimi istəməsi ilə bağlıdır:
"Bunu biz də valideynlərə izah etməyə çalışırıq, ancaq təəssüf ki, heç də həmişə buna müvəffəq ola bilmirik. Buna adətən, rus bölməsi siniflərində rast gəlirik. Biz də valideynin seçiminə hörmət etməyə çalışırıq. Məktəblərimizdə şagird sıxlığı ilə bağlı problemimiz yoxdur. Sinifləri bölmək süni vakansiya yaratmaqdır".
40 şagird bir sinifdə dərs keçirsə...
Təhsil eksperti Nadir İsrafilov isə bildirir ki, bir sinifdə 30-40 şagird varsa, orada təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Onun sözlərinə görə, bu gün şagird sıxlığı problemi əsasən rus bölmələrində yaşanır:
"Baxmayaraq ki, respublikada bu qədər məktəblər, korpuslar tikilib, sıxlıq yenə də mövcuddur. Məsələnin iki həll variantı var. Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir. Bir məsələ də var ki, siniflərin bölünməsi əlavə vəsait aparacaq, otaq çatışmazlığı yaranacaq. Bununla da yeni bir problem meydana çıxacaq. Ən yaxşı variant ikinövbəli sistemin olmasıdır. Yəqin ki, bu məsələ ilə Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi məşğul olur. Yəni 30-40 nəfərlə keyfiyyətdən danışa bilmərik. 10-cu sinifdə 40 nəfər də bir sinifdə otura bilər. Birinci siniflərə isə fərdi yanaşmaq lazımdır".
Qeyd edək ki, 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Prezidentin tapşırıq verdiyi məsələ nə yerdə qaldı?
Xatırladaq ki, Abşeronda şagird sıxlığı problemini hələ 2019-cu ildə, Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən gündəmə gətirmişdi. Prezident bildirmişdi ki, hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar:
"Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir".
Abşeron Rayon Təhsil Şöbəsindən bildirildi ki, Abşeron rayonunda məktəblərin tikintisi davam edir.
Abşeronda mövcud şagird sıxlığını aradan qaldırmaq məqsədilə dövlət başçısının 2019-cu ilin yanvar ayında imzaladığı sərəncamla Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Həmçinin Saray qəsəbə 2 nömrəli tam orta məktəb tamamilə sökülərək yerində 2000 şagird yerlik məktəb tikilir. Aşağı Güzdək 2 nömrəli tam orta məktəbin tikintisi yekunlaşıb, son tamamlama işləri həyata keçirilir. Hal-hazırda Masazır kənd “Yeni Bakı” yaşayış massivində 1200 şagird yerlik, Masazır kənd “Yoncalıq” adlanan ərazidə 960 şagird yerlik, Xırdalan şəhəri “Kristal-2” adlanan ərazidə 2000 şagird yerlik məktəblərin tikintisi davam edir.