BAKI, 9 oktyabr — Sputnik. Xilasedicilər Batumidə çökmüş binanın dağıntıları altından daha bir meyit çıxarıblar.
Sputnik Gürcüstan bildirir ki, bununla da hadisədə həlak olanların sayı doqquza çatıb. Onlardan üçü uşaqdır. Hazırda həkimlər 36 yaşlı kişini həyatda saxlamaq üçün çalışırlar. O, 11 saat dağıntılar altında qalıb.
"Ailələrə başsağlığı diləyirəm. Doqquz nəfər həlak olub. Bir az əvvəl doqquzuncu adamın meyitini çıxardıq. Güman ki, sonuncudur. Xilasetmə-axtarış işləri dayandırılıb", - DİN rəhbəri Vaxtanq Qomelauri deyib.
Ölkə rəhbəri Salome Zurabişvilinin xahişi ilə Gürcüstanın ən qədim məbədi olan Svetisxovelidə oktyabrın 9-u saat 23:30-da matəm mərasimi keçirilərək, ölənlərin ruhuna dua oxunacaq.
Oktyabrın 11-də isə bütün ölkədə matəm günü olacaq.
Oktyabrın 11-də isə bütün ölkədə matəm günü olacaq.
-------
13:29
Batumidə çökmüş binanın altından daha iki nəfərin - bir qadının və 11 yaşlı uşağın - meyiti çıxarıb.
Sputnik Gürcüstan xəbər verir ki, bununla da həlak olanların sayı 8-ə çatıb. Ölənlərdən üçü uşaqdır. Daha bir nəfərin axtarışları davam etdirilir.
---------
10:30
Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı altıya çatıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.
"Xilasedicilər Batumidə dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar. Aldığımız məlumata görə, o, yeniyetmə imiş", - məlumatda deyilir.
Daha bir qadın isə xəstəxanada keçinib.
Gürcüstan DİN isə Batumidə yaşayış binasının korpusunun çökməsi ilə bağlı üç nəfərin saxlandığını bildirib, bunlar mənzil sahibi və iki fəhlədir.
"İstintaqla müəyyən olunub ki, Batumidə, 26 May küçəsindəki yaşayış binasının birinci mərtəbəsindəki mənzillərdən birində Z.B. evinin təmiri üçün X.S. və Q.S.-i fəhlə tutub. Mənzil sahibinin göstərişi ilə təhlükəsizlik qaydaları kobud surətdə pozularaq təmir işləri aparılıb və nəticədə, oktyabrın 8-də çoxmənzilli binanın bloklarından biri uçub", - məlumatda deyilir.
-----------------
08.10.2021
14:14
Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb, xəsarət alanlar var. Ən azı 12 mənzilin dağıntıya məruz qaldığı bildirilir ki, həmin mənzillərdə də uşaqlar da daxil olmaqla, xeyli sayda insan olub.
Sputnik Gürcüstan xəbər verir ki, hazırda hadisə yerinə xüsusi texnika, xilasetmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub.
Hadisə yerində işləyən xilasedicilər 6-7 yaşlarında bir uşağı xilas ediblər. Onlar azyaşlını dağıntıların altında qalmış maşından çıxarıblar.
Yerli sakinlərin sözlərinə görə, Batuminin 26 May küçəsində yerləşən beşmərtəbəli bina ötən əsrin 80-ci illərində inşa olunub. Binanın çökmə səbəbi hələlik naməlumdur. Bununla belə, ilkin versiyaya görə, mənzillərdən birində aparılan təmir zamanı binanın dayaq divarı zədələnib. Bundan başqa, binada qanunsuz tikintinin aparıldığı, əlavə iki mərtəbənin inşa olunduğu da bildirilir.