BAKI, 9 oktyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün cins heyvandarlıq istiqaməti üzrə yeni layihəyə start verilib.
KOBİA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, "Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı" adlanan layihənin əsas məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Samux rayonları üzrə ümumilikdə 200 vətəndaşa cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək. Vətəndaşların seçiminə artıq başlanılıb.
Seçiləcək iştirakçılara biznes təlimlər keçiriləcək və təlimi uğurla başa vuran şəxslərə məhsuldar damazlıq heyvan cinsləri (2 baş Simmental/Sviss cinsi) və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunacaq. Aktivlərlə təmin olunduqdan sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək.
Layihə "Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası"nın əməkdaşlığı ilə həyata keçirilir.
Layihə iştirakçılarına dair tələblər və qeydiyyat üçün bu linkə daxil olmaq lazımdır.