TƏHSİL

Bakıda qəzalı məktəb bağlandı, şagirdləri bölüşdürüldü

Son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt suları tam orta məktəbin binasını qəzalı vəziyyətə salıb.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. Bazar ertəsi, oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məlumat verib.
O qeyd edib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.
Xatırladaq ki, oktyabrın 6-da Bərdənin Mehdili kənd tam orta məktəbinin bir hissəsi dərs zamanı uçub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Yerli təhsil şöbəsi gələn il kəndin 200 şagirdi üçün yeni bina tikiləcəyini söz verib.
Bu gün isə yerli KİV-də Qax rayon Qaratala kəndində yerləşən tam orta məktəbin uçmaq təhlükəsi altında qaldığı barədə süjet paylaşılıb.