BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini üzərinə götürən Şəmkir rayonunda təşkil olunub.
Sputnik Azərbaycan bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, İstehsalat Birliyinin, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutan aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə görüş keçiriblər. Görüşdə 50-yə qədər sahibkarın problemi dinlənilib.
Çıxış edən sahibkarlar ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəşt olunmasını "Azəriqaz"ın rəhbər şəxslərindən xahiş edib. Baş direktorun satış üzrə müavini Rəşad Cavadov ünvanlanan hər təklif və müraciətin İstehsalat Birliyinin rəhbərinə çatdırılacağını və araşdırılaraq müvafiq qərarların veriləcəyini bildirib.
Bu gün təşkil olunan aksiya sayca ümumilikdə 19-cu, sahibkarlarla isə 4-cü görüşdür. "Azəriqaz" sahibkarların, istərsə də vətəndaşların müraciətlərinə hər zaman xüsusi diqqət ayırır. Bundan sonra da "Açıq mikrofon" aksiyası davam edəcək.