BAKI, 8 oktyabr — Sputnik. Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxsdən müxtəlif növ narkotik vasitələr də aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb. Qeyd olunub, keçirilən əməliyyat zamanı rayonun Təklə Mirzəbaba kəndində yerləşən evlərin birindən müxtəlif məişət əşyaları və ov tüfəngi oğurlayan Qahir Şərfalıyev tutularaq istintaqa təqdim olunub.
Q.Şərfalıyevin sərnişin qismində əyləşdiyi avtomobildə olan ona məxsus çantadan ov tüfəngi, patronlar və 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Polis Şöbəsində həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə narkotik vasitə olan heroin və şprislər aşkarlanıb.
Araşdırma zamanı Q.Şərfalıyevin oğurladığı əşyaları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığı məlum olub.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.