BAKI, 8 oktyabr - Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Karbonnier ilə məsləhətləşmələr aparıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Bütün iştirakçılar beynəlxalq humanitar təşkilatların tam və maneəsiz işlərini icra etmələrinin vacibliyini qeyd ediblər.
BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüş çəçivəsində həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb və mümkün deeskalasiya və humanitar tədbirləri, həmçinin məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması barədə humanitar tədbirləri müzakirə ediblər.
Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın həmsədrlərin iştirakı ilə görüşə hazır olduqları barədə açıq bəyanatlarını müsbət qiymətləndiriblər.
Yaxın gələcəkdə bölgəyə səfər etmək istəklərini ifadə edən həmsədrlər, tərəflərin belə bir görüşünün detallarını əlaqələndirməyi səbirsizliklə gözlədikləərini qeyd ediblər.