İQTİSADİYYAT

Gedin, pay torpağına görə çıxarış alın, yoxsa subsidiya verilməyəcək

Ekspert: kəndli pay torpağı üzərində çıxarış alandan sonra istədiyi vaxt torpağını rahat şəkildə sata bilir, amma torpaq aktı ilə satmaq asan deyil.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Dövlət başçısı "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb. Məqsəd aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanmasıdır.
Sənədi şərh edən millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fərmana əsasən, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək:

"Yəni bu, o anlama gəlir ki, subsidiya mexanizmi artıq 2025-ci ilədək daha da təkmilləşməlidir. Məqsəd subsidiyaların ünvanlığının və subsidiyaların verilməsində səmərəliliyin artırılmasına daha çox nail olmaqdır. Çünki nəticədə aqrar sektora verilən subsidiyalar həm də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və bütövlükdə fermerlərin maliyyə imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur".

Deputat bildirib ki, bu, eyni zamanda kənd təsərrüfatı üçün vacib olan uçot sisteminin daha da təkmilləşdirilməsinə imkan verəcək:

"Nəticədə bu, pay torpaqları və eyni zamanda kənd təsərrüfatı torpaqları ilə bağlı daha təkmil və sistemli uçot mexanizminin yaradılmasına imkan verəcək. Prosesdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi iştirak edəcək. Bu da prosesin daha səmərəli və şəffaf aparılması baxımından vacib məqamlardan biridir. Artıq gələn ayın 1-dən etibarən "ASAN xidmət" tərəfindən səyyar formada dəstək həyata keçiriləcək. Burada mobil "ASAN xidmət" nəqliyyat vasitələrindən istifadə olunacaq ki, bu da prosesdə səmərəliliyin artırılması və eyni zamanda prosesin daha sürətlə həyata keçirilməsi baxımından vacib hesab olunur".

Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu addımı müsbət qiymətləndirib:

"Bu, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərə aiddir. Bu addımdan sonra kəndlilər pay torpaqları üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirəcəklər. Kəndli pay torpağı üzərində çıxarış alandan sonra istədiyi vaxt torpağını rahat şəkildə sata bilir, amma torpaq aktı ilə satmaq asan deyil. Alqı-satqı üçün çıxarışın olması çox rahatdır. Əvvəl xəritələr təqribi çəkilmişdi, indi isə əraziləri GPS-ə (Qlobal mövqetəyinetmə sistemi) vururlar. Çıxarış alan zaman həmin torpaq avtomatik şəkildə GPS-ə vurulur, kimin nə qədər torpağı varsa, dəqiq bilinir. Bu zaman subsidiyaların hesablanması da rahat olur. GPS ilə əraziyə baxanda görünür ki, fermer nə əkib, nə becərib. Bu, tam şəffaflıq yaradacaq".

Qeyd edək ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin təqdim olunmasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddətlərdə təmin etməsi tapşırılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Elektron kənd təsərrüfatı və Torpaqların elektron kadastr uçotu informasiya sistemləri arasında informasiya mübadiləsinin genişləndirilməsini təmin etmək üçün iki ay müddətində zəruri tədbirlər görüb, bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Bu fərmanın icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.