CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırxdan çox azərbaycanlı zəvvar İran-Azərbaycan sərhədində qalıb

Zəvvar: bizim bu ziyarətə 200 manatdan çox pulumuz çıxıb. İraqın küçələrində ehsan yeməklə dolanmışıq.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Kərbəlaya ziyarətə gedən 40-a qədər Azərbaycanlı zəvvar üç gündür ki, İranla Azərbaycan arasında olan Astara gömrük postunda qalıb. Bu barədə Sputnik Azərbaycan-a zəvvarlar məlumat veriblər.
Onlar bildiriblər ki, turizm şirkətlərindən biri onları aldadaraq Kərbəla ziyarətindən səhv yolla qaytarıb. Ceyhun Mirhəşimov adlı zəvvar Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sentyabrın 23-də 62 zəvvar "Karvan" turizm şirkəti ilə Xəyyam adlı şəxsin vasitəsilə Naxçıvana gedərək Sədərək gömrük keçid məntəqəsi ilə Türkiyəyə gedib. Türkiyədə isə onları tur agentliyin avtobusu ilə Habur gömrük postundan İraqa aparıblar:

"Oradan da biz Kərbəlaya getmişik. Sentyabrın 27-də Kərbəlaya daxil olmuşuq. Orada da ziyarət edəndən sonra gəldiyimiz yolla geri qayıtmalıydıq. Amma tur agentliyin əməkdaşı olan Xəyyam adlı şəxs bizi getdiyimiz yolla yox, İraq-İran gömrük postu ilə Nehrəm postuna gətirdi. Biz qrup başçısına bildirdik ki, gəldiyimiz yolla geri qayıtmalıyıq. Xəyyam bizə bildirdi ki, hər şey danışılıb, qaydasında olacaq. 62 nəfəri göndərdi İran-Astara gömrük postuna. İran tərəfi bizi buraxdı. Amma özümüzün Astara gömrük postu bizi Azərbaycana buraxmır ki, ölkəyə giriş kodunuzu təqdim edin. İndi biz Xəyyam adlı şəxslə əlaqə saxlaya bilmirik. Halbuki, zəvvarbaşı İmam Hüseyn zəvvarlarına xidmət etməlidir. Azərbaycan gömrük postu deyir hansı ölkə ilə gəlmisiniz o yolla da geri qayıdın. Bizim üstümüzdə isə bir qəpik belə, pulumuz qalmayıb. Kimin ki, pulu vardı, onlar Culfaya qayıdıb oradan Naxçıvana keçiblər. 40-a qədər zəvvar isə İranla Azərbaycan arasında olan Astara gömrük postunda yağışın, soyuğun altında qalıb".

C.Mirhəşimov deyib ki, onlar Kərbəla ziyarətinə getmək üçün "Karvan" turizm şirkətinə 450 manat pul ödəyiblər:

"Səkkiz avtobus zəvvar pul ödəyərək ziyarətə gedib. Bizə həmin tur şirkəti bildirdi ki, yol məsrəfini də özləri ödəyəcək. Amma bizim bu ziyarətə 1200 manatdan çox pulumuz çıxıb. İraqın küçələrində ehsan yeməklə dolanmışıq. Azərbaycandan Türkiyəyə keçmək üçün COVID-ə görə analiz xərclərini də özümüz ödəmişik. İndi pulsuz-parasız qalmışıq Astara keçid məntəqəsində. Nə mobil telefonumuzda danışıq limiti, nə də internet yoxdur ki, yaxınlarımızla əlaqə saxlayaq".

Sputnik Azərbaycan faktı araşdırmaq üçün əvvəlcə Xəyyam adlı şəxslə, daha sonra "Karvan" turizm şirkəti ilə əlaqə saxlamağa cəhd etsə də, heç bir nömrə ilə əlaqə yaratmaq mümkün olmayıb.
Dövlət Gömrük Komitəsindən bildirdilər ki, həmin şəxslərin ölkəyə girişi üçün əvvəlcə sərhəd keçid məntəqəsində pasportlarına ölkəyə giriş möhürü vurulmalıdır. Bundan sonra onların gömrük keçid məntəqəsindən ölkəmizə girişi təmin oluna bilər.
Dövlət Sərhəd Xidmətindən isə bildirdilər ki, həmin zəvvarlar pandemiya dövründə Nazirlər Kabinetinin qərarı ilə ölkəyə giriş üçün icazə almalıdırlar. Əgər Nazirlər Kabinetinə rəsmi məktubla həmin şəxslərin ölkəyə girişinə icazə verilirsə, bu zaman onların giriş kodu Dövlət Sərhəd Xidmətinə göndərilir. Vətəndaşlar həmin kodu təqdim etməklə ölkəmizə daxil ola bilərlər.
O ki qaldı zəvvarların aldadılmasına, hər iki qurumdan bunu araşdırmağın onların səlahiyyətində olmadığını bildirdilər.
Qeyd edək ki, 2020-ci ildən COVID-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan xarici ölkələrə ziyarətlər təxirə salınıb.