BAKI, 7 oktyabr — Sputnik. Mavi yanacağın ardınca kömür də bahalaşır – bir tonu üç yüz dollar. İyirmi il idi ki, belə qiymət görünməmişdi. Yüksək tələb bazarda ajiotaj yaradıb. Bu vəziyyət uzun müddət davam edəcəkmi? Rusiya nə qədər qazanacaq? Təfərrüatlar RİA Novosti-nin materialında.
Kömür dövrü qayıdır
CO2 tullantılarının məhdudlaşdırılması barədə çağırışlara baxmayaraq, get-gedə daha çox kömür alınır. Bu yanacağı hətta ekoloji cəhətdən maarifləndirilmiş Avropaya da daşıyırılar: "köhnə qitə"də təbii qazın qiyməti rekord həddə çatdığından bərk yanacağa – kömürə keçmək qərarına gəliblər. Avropa İttifaqında (Aİ) mavi yanacağın 1000 kubmetrinə 1400 dollar ödəyirlər. Bəzi enerji şirkətləri artıq müflisləşməyə başlayıb. Yeganə xilas yolu – kömürdür.
Sentyabr ayında Almaniya, İspaniya, Böyük Britaniya və Fransada kömürdən yeddi milyon meqavat-saat enerji alınıb ki, bu da əvvəlki illə müqayisədə 35 faiz çoxdur.
Ancaq Avropada kömür çatışmır. Əsas tədarükçülər ixracı artıra bilmirlər. Qitənin şimal-qərbində kömür ehtiyatları minimum səviyyədədir: dörd milyon tondan bir az çox.
Digər tərəfdən, Asiyadakı alıcılar arasında rəqabət var. Çində də kömür qıtlığı yaşanır. Bu ölkə ətraf mühiti çirkləndirməmək üçün kömür şaxtalarını bağlayıb.
"Məzənnənin kəskin dəyişməsi ucbatından hakimiyyət faktiki olaraq bankları kömür şirkətlərinə kredit verməyə məcbur edir ki, istehsal genişlənsin. Özü də Çin Xalq Respublikası yalnız satıcı deyil, həm də istehlakçıdır", – deyə Ali Maliyyə Menecmenti Məktəbinin Analitik Tədqiqatlar şöbəsinin müdiri Mixail Koqan vəziyyətə aydınlıq gətirir.
Çinin iqtisadiyyatı sürətlə bərpa olunur. Müəssisələrin elektrik enerjisinə tələbatı artır. Aydın məsələdir ki, ölkə kömürdən geniş şəkildə istifadəyə davam edəcək. Belə çıxır ki, Kommunist Partiyası bu yanacaq növündən imtina etməyə tələsib.
ÇXR digər tədarükçü ölkələrlə münaqişə vəziyyətindədir. "Pekin dünyadakı kömür həcminin 8 faizə qədərini istehsal edən Avstraliya ilə münasibətlərini korlayıb. Bu, Çinlə yanaşı, Hindistan və digər Asiya ölkələrinə də kömür göndərən İndoneziyadan ixracın azaldılması ilə eyni vaxta təsadüf edib", – deyə "AMarkets" analitik departamentinin rəhbəri Artyom Deyev vurğulayır.
Nəticədə isə Çinin əyalətlərinin üçdə biri elektrik enerjisinə qənaət rejiminə keçirilib. İri neft-kimya müəssisələrinin fəaliyyəti dayanıb.
Gözlənildiyi kimi, qıtlıq qiymətləri qaldırıb. Özü də yalnız Çində deyil. Avropada kömürün qiyməti Asiyadan 14 faiz bahadır.
"Tələbat durmadan artdığından, istilik mövsümünün sonuna kimi kömürün qiyməti enerji böhranı təhlükəsinin çoxaldığı Qərbdə də, Şərqdə də bahalaşacaq", – deyə Deyev mülahizə yürüdür.
Soyuq qış və isti yay
Son illər dünyada kömürə tələbat azalmışdı. Avropa, Çin və ABŞ atmosferi karbondan təmizləmə kursu götürmüşdülər. Pandemiya vaxtı bərk yanacağa tələbatın azalmasını təmiz enerjiyə keçid adlandırırdılar. Ancaq "yaşıllaşma" vaxt tələb edir. Bu, tez başa gələn iş deyil. Digər tərəfdən, təbii kataklizmlərin olmayacağına heç kim zəmanət verə bilməz. Şaxtalı qış və anomal isti yay mövsümündən sonra Avropanın yeraltı qaz anbarları boşalıb. Mavi yanacağın qiyməti artmağa başlayıb. Neft kotirovkaları da ondan geri qalmır.
Bu yerdəcə kömür yada düşüb. Ancaq təklif tələbə yetişə bilmir. Avropanın elektrik enerjisi istehlakçıları Rusiyadan kömür ixracının artırılmasını istəyiblər.
Amma aydın məsələdir ki, bunu açıb-ağartmaq fikrində deyillər. Qarşıdan iqlim dəyişmələri ilə bağlı növbəti konfrans gəlir. Atmosferə istixana qazlarının atılmasından danışacaqlar. Onları məhdudlaşdırmaq olar, ancaq bunun üçün ya kömürdən imtina etməli, ya da bahalı təbii qaz alıb müflisləşməlisən.
Tədarükçü seçimi də məhduddur. Əsas ümid mədən yanacağı ehtiyatlarına görə dünyada 4-cü, hasilata görə 6-cı və ixraca görə 3-cü yerdə duran Rusiyayadır. Ümumilikdə ötən il xaricə 200 milyon tona qədər kömür göndərilib. Çin 29,5 milyon, Cənubi Koreya 23 milyon, Yaponiya isə 21,5 milyon ton alıb.
Bununla belə, çətin ki, hasilatı artırmaq mümkün olsun.
"Kömürçıxarma sənayesində istehsal prosesi çox uzun sürür. Yeni texniki güc, müvafiq icazə və sənədlər tələb olunur. Bütün bunlar təxminən iki il çəkir. Rusiya onsuz da Avropa bazarını illik 40 milyon tondan çox kömürlə təchiz edən əsas tədarükçüdür", – deyə Artyom Deyev vurğulayır.
Sözsüz ki, Rusiya şirkətləri bahalaşan xammaldan yaxşı qazanc götürəcəklər. 2019-cu ildə Asiya bazarında kömürün orta qiyməti bir tona görə 90 dollar təşkil edirdi. Hazırda Aİ-də 300 dollardır.
Bununla belə, ixracın əhəmiyyətli dərəcədə artırılması gözlənilmir. Daxili bazara da yanacaq lazımdır. Üstəlik, sinoptiklər bu qışın sərt keçəcəyini proqnozlaşdırıblar. Statistikaya görə, Rusiyadakı kənd evlərinin üçdə biri odun və kömür sobaları ilə qızdırılır. Şəhər yaşayış fondunda bu göstərici yeddi faiz təşkil edir.
"Yaxın perspektivdə yüksək tələbat saxlanılacaq. Dünyada bu vəziyyəti spekulyantlar qızışdıracaqlar", – Rusiya Xalqlar Dostluğu Universitetinin Dünya İqtisadiyyatı və Biznes İnstitutunun "Beynəlxalq iqtisadi təhlükəsizlik" proqramının dosenti Hacımurad Belxaroyev belə deyir.
Ancaq "Şimal axını-2" təbii qaz kəmərinin işə salınmasına çox qalmayıb. Bazar mavi yanacağın qiymətini sabitləşdirəcək uzunmüddətli təbii qaz müqavilələrinin bağlanılmasını gözləyir. Onu da yaddan çıxarmaq lazım deyil ki, hazırkı buma rəğmən, hər bir halda dünya kömürdən imtina etməyə başlayıb.
Təbii qaz və kömürlə işləyən sənaye qazanxanalarının iş xüsusiyyəti fərqlidir. Qazanxanaların kömürlə qızdırılmasında əl əməyindən istifadə olunur. Başqa sözlə, qazançıların maaşına, onlara tibbi xidmət göstərilməsinə, əlavə qidalanmasına sərf olunan vəsait xərcləri artırır. Amma qazanxanalar təbii qazla işləyəndə hər şey avtomatik həll olunur. Bircə düyməyə basmaq kifayətdir", – deyə Belxaroyev vəziyyətə aydınlıq gətirir.
Hərçənd, üstünlükləri də var: kömür öz-özünə alışmır və bu yanacağı açıq meydançalarda saxlamaq mümkündür. Və praktika göstərir ki, əgər həddən artıq soyuq havada digər enerji mənbələri iflasa uğrayırsa, kömürü belə təhlükə gözləmir.