MƏDƏNİYYƏT

Əli Nur: Burada baş rola dəvət alanlar öz ölkələrində ən sayılmaz aktyorlardır

Gənc rejissor: Erməni obrazına öz aktyorlarımızın yox, gürcü aktyorlarının çəkilməsini daha düzgün hesab edirəm. Hətta mən istəyərdim ki, o obrazda elə erməni əsilli aktyor oynasın.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. "Həyat, deyəsən, gözəldir" (Fəryad II) filminin çəkilişləri başa çatıb. Rejissoru Xalq artisti Vaqif Mustafayev olan film erməni qəsbkarlarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.
Filmin süjetinə görə, Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda çəkilmiş ekran əsərinin əsasını təşkil edir.
İlkin işçi adı "Fəryad II" olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.
Vaqif Mustafayev "Fəryad-2" filminin çəkilişlərində
Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan filmdə gürcü aktyorların rol alması cəmiyyətdə rezonans doğurub. Tənqidçilər "Məgər Azərbaycanda aktyor yoxdur ki, rejissor Gürcüstandan aktyor gətirib?" kimi fikirlər səsləndiriblər. Elə biz də bu sualı filmin müəllifinə yönləndirdik. Rejissor sualımızı cavablandırmaq istəmədi.
Mövzunu kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə ilə davam etdiririk. Kinoşünas Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirir ki, ümumiyyətlə, əksər hallarda hansısa filmin 2-ci versiyası çəkiləndə uğursuz olur:

""Fəryad" filmi var idi, ikincisinə nə ehtiyac var idi?"

O ki qaldı milli filmə əcnəbi aktyorun çəkilməsinə, Kazımzadə bunu da doğru hesab etmir:

"Adil İsgəndərov o zamanlar belə bir qərar vermişdi ki, dövlət hesabına çəkilmiş filmə əcnəbi aktyoru çəkmək olmaz. Bədii şura olmalıdır, bədii şura əcnəbi aktyorun çəkilməsinə icazə verməməlidir. Bir vaxt var idi iranlılar və gürcülərlə film çəkirdik. Müşfiq Hətəmov bunu qadağan etdi".

Kazımzadə əlavə edir ki, gürcülər bizim dostumuzdur, bu öz yerində. Amma yaradıcılıq başqadır:

"Özümüzün o qədər aktyorumuz var, yazıqlar 5 manat pul tapa bilmirlər. Belə çıxır ki, Vaqif Mustafayev öz aktyorlarımıza etibar etmir. Mən bir dəfə demişdim ki, yaşlı rejissorlar yaşlanandan sonra yerində sayırlar. İndi Vaqif də öz aktyorlarımızın üzərində işləmək istəmir. Axı hər şey dəyişib. Rəhbərlik dəyişib, nazirlik dəyişib. Nəzarət eləsinlər də...".

Kino tənqidçisi Sevda Sultanova bildirir ki, dövlət kinoya ona görə maliyyə ayırır ki, kino sahəsi inkişaf eləsin, keyfiyyətli filmlər çəkilsin. Kino sahəsi isə ən müxtəlif peşələri əhatə edir:
Vaqif Mustafayev "Fəryad-2" filminin çəkilişlərində

"Rejissor, prodüser, operator, rəssam, qrimçi, aktyor, səs rejissoru və s. Mədəniyyət Nazirliyinin sifarişi, dövlət hesabına çəkilən filmlərdə birmənalı olaraq milli kadrlar iştirak etməlidirlər. Kadrlar isə təbii ki, filmdən filmə təcrübə toplayacaq. Ayrı-ayrı vaxtlarda dövlət hesabına çəkilmiş filmlərdə xaricdən rejissor da, aktyor da, operator da dəvət olunub. Fakt isə budur ki, əcnəbi kinematoqrafçının iştirakı nə kinonu inkişaf etdirib, nə də filmin keyfiyyətinə təsir göstərib. Müştərək çəkilən filmlərimizdə də, misal üçün, "Mahmud və Məryəm", "Qatil" filmlərində yaradıcı və texniki heyətdə əksəriyyətin əcnəbi olmasına rəğmən filmlər uğursuz alınıb".

Sultanova vurğulayır ki, elə ona görə də öz milli kadrlarımızı inkişaf etdirmək lazımdır:

"Pis-yaxşı tədricən hər şeyi öyrənəcəklər. Öyrənmək üçün isə, yenə deyirəm, çoxlu filmlər çəkilməlidir. Çoxlu film çəkilməsi üçün isə nazirlik kino siyasətini düzgün qurmalı idi. Məsələn, elə Vaqif Mustafayevə iri büdcəli film verincə, həmin büdcəni hissələrə ayırıb az büdcəli filmlərə xərcləmək olardı. Vaqif Mustafayev peşəkardır, amma bu o demək deyil, onun çəkdiyi hər film mütləq mənada yaxşı olacaq".

Xalq artisti Əli Nur bildirir ki, Azərbaycan kinosunda bu problem həmişə olub:

"Hələ Sovet dönəmində öz aktyorlarımız qala-qala, gedib erməni, rus, gürcü aktyorlarını çağırırdılar. Hansı ki, onlar bizim aktyorlarımızın əlinə su tökə bilməzlər. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filminə baxın, bir dənə də olsa əcnəbi aktyor yoxdur. Stalin zamanında o filmi çox bəyənmişdi. Leyla Bədirbəylini "Azərbaycan gözəli" adlandırmışdı. Sovet dönəmində tələb idi ki, hansısa əcnəbi aktyor çəkilsin. İndi isə əcnəbi aktyorun bu filmə çəkilməsi rejissorun yaltaqlığından irəli gəlir".

Aktyor qeyd edir ki, Rasim Ocaqovun "İstintaq" filmində Aleksandr Kalyagin oynayıb. Səsləndirən isə Səməndər Rzayev olub:

"Siz rus dilində də o filmə baxın, bizim dildə də. Özünüz fərqi görəcəksiniz. Rus dilində olduqca sönük səslənib. Olmazdımı ki, zamanında o pul öz aktyorlarımıza, elə lap Səməndər Rzayevin özünə verilərdi, o da canlandırardı. Axı nə ehtiyac var idi əcnəbi aktyorlara?"

Xalq artisti təəssüf hissi ilə qeyd edir ki, başqa ölkələrdə epizodik rol oynayanları gətirib bizdə baş rol verirlər:
​​​​​​​“Fəryad-2” filminin çəkilişləri

""Əhməd haradadır?" filmində "şofer Əhməd"in nişanlısı obrazını oynayan qadın sonradan müsahibəsində deyib ki, "mən o filmə bir dəfə də olsun baxmamışam. Onun nəyinə lazım Azərbaycan kinosu? Məgər öz aktyorumuz yoxdur? Burada baş rola dəvət alanlar öz ölkələrində ən sayılmaz aktyorlardır. Gedib əcnəbi aktyorları gətirirlər, bizimkilərdən 10 qat artıq qonorar ödəyirlər. Bununla bizim aktyoru aşağılayırlar. Yaradıcı adamda milli ruh olmalıdır. Vaqif Mustafayevdə heç vaxt milli ruh olmayıb. Həmişə öz sənət adamlarımızı aşağılayıb".

"Həyat, deyəsən gözəldir" tammetrajlı bədii filmi Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında lentə alınıb. İki aydan artıq müddət davam edən çəkilişlər yekunlaşıb. Gənc rejissor Amil Amal digər müsahiblərimizdən fərqli olaraq, bu məsələyə müsbət yanaşır:

"Film Qarabağ mövzusundadır. Mən buna müsbət yanaşıram. Erməni obrazına öz aktyorlarımızın yox, gürcü aktyorlarının çəkilməsini daha düzgün hesab edirəm. Hətta mən istəyərdim ki, o obrazda elə erməni əsilli aktyor oynasın. Bəlkə də Vaqif Mustafayev də cəhd edib, amma alınmayıb".