BAKI, 7 oktyabr — Sputnik. Bakıda iki gün əvvəl təmir olunan Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində bu gün yenidən qazıntı başlanıb. Bununla bağlı sosial şəbəkələrdə jurnalist Pərviz Musayev fotolar paylaşıb. Görüntülərdən də yenicə təmir olunaraq rənglənən yolun bir zolağında təmir işlərinin aparıldığı aydın olur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin ərazidə yeraltı elektrik xəttində qəza baş verib. Bu səbəbdən də küçədə hərəkət hissəsi qazılıb: "Təəssüf ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Çünki Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır".