BAKI, 6 oktyabr — Sputnik. “Zirkon” hipersəs raketləri Rusiyanın həqiqətən də suveren və yenilməz qalmasına kömək edir. Rusiya hərbi-sənaye kompleksi elmi-texnoloji inqilab edib və dünyada analoqu olmayan, onilliklər ərzində Qərbin hipersəs silahı sahəsində inkişafını qabaqlayacaq bir kompleks yaradıb.
“Severodvinsk” çoxməqsədli nüvə sualtı kreyseri “Zirkon” hipersəsli qanadlı raketinin Ağ dənizdə ikinci uğurlu buraxılışını şərti hədəfə doğru oktyabrın 4-də Barents dənizində sualtı vəziyyətdən, təxminən 40 metr dərinlikdə yerinə yetirib. Bir az əvvəl sualtı qayığın ekipajı suüstü mövqedən sınaq atışını müvəffəqiyyətlə həyata keçirib.
Bu, Rusiya Hərbi Dəniz Qüvvələrinin tarixində texnoloji irəliləyiş və əhəmiyyətli hadisə, ən son “Zirkon” raket sisteminin məxfiliyinin, qarşısıalınmazlığının və etibarlılığının inamlı nümayişidir.
Yüksək dəqiqlik və fantastik sürət - 6 dəqiqədə 1000 km - dənizdə və quruda geniş sayda ehtimal olunan hədəfləri (təyyarədaşıyan gəmi qrupları, hərbi dəniz və aviasiya bazaları, potensial düşmənin ərazisinin dərinliyindəki strateji obyektlər, o cümlədən Atlantik okeanı sahillərindən 184 km məsafədə yerləşən Pentaqon) məhv olmağa məhkum edir. Göyərtəsində “Zirkon” raketi olan bir sualtı qayıq düşmən tərəfindən aşkarlanma riski olmadan 1000 km məsafədə istənilən hədəfi vura bilir.
“Zirkon”ların Rusiya Hərbi Donanmasına tədarükü 2022-ci ildə başlayacaq. Avqust ayında keçirilən “Ordu-2021” beynəlxalq hərbi-texniki forumunda Rusiya Federasiyası Müdafiə Nazirliyi 2025-ci ilə qədər hesablanmış müqavilə bağlayıb (digər parametrlər açıqlanmayıb). “Zirkon” kompleksinin əsas sifarişçisi Hərbi Dəniz Qüvvələridir, ancaq gələcəkdə quru qoşunları üçün modifikasiyalar da gözlənilir.
“Military Watch” nəşri bildirib ki, yeni qanadlı raketlərlə bir “Yasen” ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyan qrupunu iki dəfə məhv edə bilər. Bu yaxınlarda amerikalı admiral Çarlz Riçard qeyd edib ki, Rusiyanın hipersəsli raketləri əhəmiyyətli təhlükə yaradır, çünki ABŞ-ın müasir hava hücumundan müdafiə sistemləri onları izləyə bilmir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Rusiyanın Atlantikadakı sualtı fəaliyyətini” daim izləmək üçün hərbi gəmilərin birləşməsini yaratmaq cəhdi ümidsizliyə bənzəyir. Bu addım perspektivsizdir: “Yasen-M” layihəsinin sualtı qayıqları çox sakit, həssas və sürətlidir. Əvvəllər ABŞ hərbi dənizçiləri bir neçə həftə ərzində Atlantik okeanında “Severodvinsk”i tapa bilmirdilər.
Döyüş üstünlüyü
“Zirkon” kompleksinin yüksək dəqiqlikli qanadlı raketi dünyada ilk olaraq atmosferin sıx qatlarında manevr edərək təxminən saatda 10 min km-ə qədər sürətlə 1000 km-dən çox məsafəyə uzunmüddətli uçuşu "mənimsəyib". O, bunu öz mühərrikinin gücünün hesabına edib (QBR kimi kosmosdan şığımaqla yox). Qanadlı “Zirkon“lar dəniz və quru hədəflərini vurmaq üçün unifikasiya edilib, 3S14 universal gəmi komplekslərindən buraxılmaq üçün uyğunlaşdırılıb, yəni, “Kalibr“lər və “Oniks“lər ilə birlikdə istifadə edilə bilər (seçim vəziyyətə görə ola bilər).
“Zirkon” hipersəs raketinin suüstü daşıyıcıdan uçuş-konstruktor sınaqları sentyabrın sonunda uğurla başa çatıb. Orta müddətdə 885M "Yasen-M" layihəsinin doqquz çoxməqsədli nüvə sualtı qayığı (su tutumu 13800 ton, dalma dərinliyi - 520 metrə qədər, avtonomluq - 100 sutka, sualtı sürət - 31 düyün), İrkutsk sualtı qayığı (modernləşdirmə zamanı) və "Admiral Naximov" raket kreyseri “Zirkon”larla silahlanacaqlar. “Zirkon” Rusiya Hərbi Dəniz Qüvvələrini zərbə gücünə görə dünyada ön plana çıxarır və "tərəfdaşlar" bütün xəyallarını puç edir.
ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard artıq Rusiya Federasiyasının hipersəs silahlarında liderliyini tanıyıb. “The National Interest” nəşri bu yaxınlarda “Severodvinsk” nüvə və ya adi variantda olan 2500 kilometrdən çox məsafəyə uçan 32 ədəd 3M-14K “Kalibr” qanadlı raketləri ilə silahlandığını və “ABŞ-ın əsas ərazisi üçün təhlükə yaratdığını” bildirib. İndi isə “Zirkon” da Dünya okeanında narahatlıq yaradır.
Qeyd edək ki, “Yasen”in əsas məqsədi döyüş patrul zonasında “Ohayo” tipli raket daşıyıcı sualtı qayıqlarını (göyərtədə - hər biri 475 kilotona qədər gücündə 12 ədəd W88 nüvə başlığı olan 24 “Traydent” ballistik raketi) və NATO nüvə ölkələrinin aviadaşıyıcı zərbə qruplarını müşayiət etməkdir.
Hipersəsli “Zirkon”lar ilk növbədə ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə imkanlarını məhdudlaşdıracaq. Amerika ərazisi yalnız Pentaqonun Rusiyaya qarşı təcavüzkar hərəkətlərinin müstəsna vəziyyətində zərər çəkə bilər.
Bununla yanaşı, Rusiya yeni silah spektri, qabaqcıl və avtomatlaşdırılmış kəşfiyyat vasitələri, hədəf təyin etmə, rabitə və nəzarət vasitələri ilə beşinci nəsil nüvə sualtı donanmasının əsasını yaradır.
ABŞ-da hipersəs problemləri
Rusiyanın “Avanqard”, “Xəncər”, “Zirkon” hipersəs raketləri inamla 10 ilə 20 Max sürətlərində manevr edir. Hipersəsə iddiaları olan Amerika maketlərinə artıq start verilib, ancaq onlar hələ uçmur. Elə görünürdü ki, “Rapid Response Weapon” və “Hypersonic Air-Air Weapon Concept” proqramları çərçivəsində bir sıra uğursuz sınaqlar sentyabrın 20-də ilk uğurunu qazanıb. Səkkiz il ərzində ilk dəfə olaraq Amerika cihazının sürəti hipersəs həddinə, yəni 5 Maxa çatıb, ancaq kreyser uçuşunun manevrliyi və məsafəsi obyektiv idarəetmə vasitələri ilə təsdiqlənmir.
ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri agentliyi (DARPA) heç bir təfərrüatı (hətta təyyarə modelini - buraxılış platformasını belə) açıqlamayıb. DARPA nümayəndəsi bildirib ki, yeni sınaqlar ilin sonunda keçiriləcək. Xarici mütəxəssislər bu uğura şübhə ilə yanaşırlar.
ABŞ-da hipersəsli raketin silahlanmaya qəbul edilməsi hələ müzakirə edilməyib, prototiplərdən ən azı birinin qüsursuz işləməsi hələ çox uzaq perspektivdədir. Pentaqonun “Lockheed Martin Missiles & Fire Control” layihəsinin AGM-183A ARRW hipersəsli aeroballistik raketinə qarşı böyük iddiaları var. AGM-183A məhsulu heç bir uğurlu uçuş etməyib, iyul ayında olan uğursuz sınağın təhlili davam edir.
ABŞ Hərbi Hava Qüvvələri 2022 maliyyə ili üçün büdcədən 12 eksperimental raket üçün 161 milyon dollar istəyib. Hərbi Hava Qüvvələri rəhbəri Frenk Kendall “irəliləyiş tempindən” və “hipersəsdən bizə nə lazımdır” anlayış dərəcəsindən narazıdır.
Obyektiv olaraq, yüksək texnoloji silah yarışında ABŞ Rusiyadan, Çindən və hətta Şimali Koreyadan geriləməni azaltmağa çalışır. Ancaq Amerika nikbinliyi sərhəd tanımır – “Lockheed Martin” şirkəti artıq Alabama ştatında AGM-183A hipersəsli hava bazalı raketləri istehsal edən zavod açır. Bunun öz məntiqi var: yararsız “super təyyarə” F-35-in göyərtəsində ABŞ-ın müttəfiqləri və tərəfdaşları tərəfindən hətta satın alına biləcək uçmayan “hipersəsli” raketi olmalıdır.