SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Petr Mixalko Aİ ilə Azərbaycan arasında münasibətlərin əsas prioritetini açıqladı

Petr Mixalko qeyd edib ki, tərəflərin marağı olarsa, layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirlər.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaq. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
O bildirib ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır: "Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik".
"Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcək", - deyə o əlavə edib.