BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanlı deputatlar Vyanada Ermənistandan olan siyasi partiyaların nümayəndələri ilə görüşüblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Tural Gəncəliyev "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, görüş Avstriya beyin mərkəzinin və dövlət qurumlarının təşkilatçılığı ilə baş tutub.
"Görüşdə münaqişədən sonrakı barışığın və sülhün qurulmasının vacibliyini vurğuladım", - deyə Tural Gəncəliyev qeyd edib.
O, Facebook səhifəsində də yazıb ki, görüşdə post münaqişə dövrünə aid məsələləri müzakirə ediblər.
Gəncəliyev həmçinin öz hesabında sözügedən görüşdə iştirak edən Respublikaçı Alternativ Partiyasından olan deputat Erkin Qədirli ilə birgə şəklini də paylaşıb.