İQTİSADİYYAT

Avropada istixanaların bağlanması Azərbaycandan meyvə-tərəvəz ixracına rəvac verirmi?

Avropada qazın qiyməti 1400 dolları ötüb. Bahalaşma Avropada istixanaların kiçilməsinə və ya bağlanmasına səbəb olur. İqtisadçı Azərbaycandan meyvə-tərəvəzin Avropaya ixracı məsələsinə münasibət bildirib
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Ötən gün Avropa birkalarında təbii qazın qiyməti bir neçə dəfə rekordu təzələyib. Belə ki, oktyabrın 5-də qazın hər min kubmetrinin qiyməti əvvəlcə 1200 dolları, günün sonuna doğru isə 1400 dolları keçib. Məlumatlara görə, hazırda Avropadakı qaz anbarlarında ehtiyatların həcmi uzun illər ərzində ən aşağı səviyyədədir. Bundan əlavə, Avropada enerji kömürünün bir tonunun qiyməti də 232 dolları ötüb. Bu, son 20 ilin rekord göstəricisidir.
Avropada bahalaşan qaz və elektrik enerjisi müxtəlif bitkilərin yetişdirildiyi istixanaların kiçildilməsinə və ya ümumiyyətlə bağlanmasına səbəb olur.
Azərbaycan bu fürsətdən istifadə edib Avropaya meyvə-tərəvəz çıxara bilərmi? Qazın qiymətinin yüksəlməsi ölkəmiz üçün hansı perspektivlər yaradır?
Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan artıq Avropanın qaz bazarının iştirakçısıdır, orada xüsusi çəkiyə malikdir:

"Azərbaycanın qaz ixracından gəlirləri dinamik olaraq artacaq, amma bu, sonsuz ola bilməz. Çünki Avropanın qaz bazarında hegemonluq edən Rusiyanın qazıdır. Qazın qiymətinin qalxması eyni zamanda ABŞ-ın sıxılmış təbii qazının (CNG) Avropa bazarının təminatında rolunun artmasına gətirib çıxaracaq. Yəni Avropada qazın qiymətinin bahalaşması sonsuz davam edə bilməz, burada ABŞ amili də var".

Ekspert Avropanın neçə illərdir ki, qaz idxalını diversifikasiya etmək niyyətində olduğunu bildirib:

"Amma hələlik Avropa buna nail ola bilməyib. Lakin qışın astanasında qazın qiymətinin kəskin qalxması Avropanın enerji təhlükəsizliyinə böyük təhdiddir. Bu gün Avropanın qaz bazarında nə baş verəcəksə, ona uyğun Azərbaycanın gəlirləri artacaq və ya stabil qalacaq", - deyə o qeyd edib.

İqtisadçı onu da bildirib ki, Avropanın meyvə-tərəvəz bazarına girmək, Azərbaycanın ixracının artırılması təkcə qiymətin qalxması ilə bağlı deyil:

"Avropada qazın qiymətinin qalxması kənd təsərrüfatı məhsullarının yetişdirilməsində maya dəyərini artıracaq. Bu, əlbəttə ki, qiymətə təsir göstərəcək. Bu zaman Azərbaycanın rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının Avropaya ixrac edilməsinə imkan yaranacaq. Amma Avropanın qida məhsulları bazarında tələblər, standartlar başqadır, qablaşdırma, sertifikatlaşdırma və s. ilə bağlı tələblər mövcuddur. Ona görə də hazırda qazın bahalaşması nəticəsində Avropada aqrar məhsulların qiymətinin yüksəlməsi Azərbaycanın Avropaya qida, kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına o qədər də təsir göstərmir".

Qeyd edək ki, 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.
Cari ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (140,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Yanvar-avqust ayları ərzində Rusiyaya 522,3 milyon ABŞ dolları, Türkiyəyə 407,3 milyon ABŞ dolları, İsveçrəyə 154,9 milyon ABŞ dolları, Gürcüstana 109,5 milyon ABŞ dolları və ABŞ-a 48 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin ilk beş ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.
Onu da qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 milyon 278,16 min ABŞ dolları dəyərində 3 621 896,03 kubmetr həcmində qaz ixrac edib. Avropaya ixrac edilən qazın 3 046 941,26 kubmetri (836 241,79 min dollar dəyərində) İtaliyanın, 424 205,61 kubmetri (127 571,4 min dollar) Yunanıstanın, 150 749,16 kubmetri isə (22 464,97 min dollar) Bolqarıstanın payına düşüb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
İlin ilk 7 ayında ölkədən ümumilikdə 12 milyard 61,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 14,9 milyon dollar təşkil edib.