BAKI, 5 oktyabr — Sputnik. "Bölgədə terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsi sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq fəaliyyətlərin təhlükəsizliyinə birbaşa təhdiddir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra deyib.
Nazir qeyd edib ki, bölgədə münaqişələr ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.
Qeyd edək ki, oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Sonda danışıqların yekununa dair protokol imzalanıb.