BAKI, 5 oktyabr - Sputnik. Əvvəllər uşaqlarını məktəbə gətirən valideynlər müəllimə deyərdilər: "Əti sənin, sümüyü mənim!" Yəni nə bacarırsan, lap arıqlayıb sümükləri qalana qədər öyrət. İndi zaman da, tələblər də dəyişib. Dəyişməyən müəllimə olan hörmətimizdir.
Gələcəyimizin "bənna"larını hər il ən azı bir gün yad edirik - oktyabrın 5-də. 1993-cü ildən bu yana Azərbaycan da daxil olmaqla dünyanın yüzdən çox ölkəsi oktyabrın 5-ni Müəllimlər Günü kimi qeyd edir. Müxtəlif əlamətdar hadisələr əsasında müəllimləri peşə bayramları münasibətilə fərqli vaxtlarda təbrik edənlər də var - məsələn, Albaniyada martın 8-də, Cənubi Koreyada mayın 15-də, Argentinada sentyabrın 11-də, Çində sentyabrın 28-də, Özbəkistanda oktyabrın 1-də, Türkiyədə isə noyabrın 24-də və s.
Azərbaycan müəllimi şərəfli adını həmişə qoruyub. Sinifdə də, səngərdə də. Tək dünyəvi biliklər verməyib şagirdlərinə, Vətəni sevməyi öyrədib.
Mustafa Kamal Atatürkün təbirincə desək, şam kimi özü yanıb tükənərkən ətrafını işıqlandıran müəllimlərimizə peşə fəaliyyətlərində uğurlar, zəkalı tələbələr arzulayırıq. Sizin əməyinizin bəhrəsi sabahımızı aydınlatmağa yönəlib. Müəllimlər Gününüz mübarək!