CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkə asılılığından tədricən qurtulmaq lazımdır - psixoloqlar SOS siqnalı verdilər

Sosial şəbəkədən çox asılı qalan insanlar bu gərginliyin fonunda müəyyən ağlasığmaz hərəkətlər edə, hətta cinayət belə törədə bilərlər.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Bazar ertəsi "Facebook", "Instagram", "WhatsApp" və şirkətə məxsus bir sıra digər tətbiqlər təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. Bu problem sosial şəbəkələrin Azərbaycan seqmentinə də təsirsiz ötüşməyib.
Bu gün sosial şəbəkələrdə yazılan rəylərdən də məlum olur ki, istifadəçilərin bir neçə saatlıq sosial şəbəkələrsiz qalması onları əməlli-başlı təsirləndirib. Kimisi sosial şəbəkəsiz həyatı təsəvvür etmədiyini, kimisi isə sosial şəbəkə olmasa informasiyasız qaldığını bildirib.
Sputnik Azərbaycan sosial şəbəkələrdə yaranan problemin sosial şəbəkə istifadəçilərinin psixologiyasına təsirini araşdırıb.
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdən asılılıq dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da problemə çevrilib. Odur ki, S.Abdullayeva sosial şəbəkələrin insanlar üçün bir neçə saat əlçatmaz olmasının onların psixologiyasına təsirsiz ötüşmədiyini bildirir. Onun sözlərinə görə, bu gün virtual ünsiyyət canlı ünsiyyəti üstələdiyindən, insanlarda internet üzərindən ünsiyyətə ciddi tələbat yaranıb:
"İnsanlar işlədiklərindən onların çoxunun canlı ünsiyyətə vaxtı qalmır. Sosial şəbəkələrin yaranması ilə insanların işləyərkən belə ünsiyyət qurmasına imkanlar yarandı. Artıq sosial şəbəkə istifadəçilərinin çoxunda sosial şəbəkələrə asılılıq yaranıb. Deyərdim ki, sosial şəbəkələr insanların həyatının ayrılmaz parçasına çevrilib. Bu gün insanlar boş vaxtlarını da sosial şəbəkələrdə keçirirlər.
Sosial şəbəkələr dayandıqda insanlar artıq bilmirlər ki, nə ilə məşğul olsunlar. Bir tərəfdən insanlarda vaxt azlığının olduğunu desək də, insanlar sosial şəbəkələrə xeyli vaxt sərf edirlər. Çox az sayda iradəsi güclü insan var ki, sosial şəbəkədən istifadə üçün özünə limit qoyur. Bu insanların şəxsi keyfiyyətlərindən asılıdır. Ona görə də əksər insanlar sosial şəbəkələr fəaliyyətini dayandıran kimi narahatlıq keçirməyə başlayırlar".
Psixoloq bildirir ki, bu gün ailələrin əksəriyyəti internetdən asılı vəziyyətə düşüb. S.Abdullayevanın sözlərinə görə, sosial şəbəkələrin fəaliyyətində yaranmış problem müxtəlif insanlara müxtəlif cür təsir edir:
"O baxır insanların sosial şəbəkələrdən hansı məqsədlə istifadə etməsinə. Əgər bir insan sosial şəbəkə üzərindən pul qazanırsa təbii ki, yaranmış problem onun gəlirinə mənfi təsir etdiyindən, əhval-ruhiyyəsinə də pis təsir göstərir. Bəzi insanlar sosial şəbəkə üzərindən ancaq informasiya üçün istifadə edir. Bu zaman da insan məlumat almaq üçün sosial şəbəkədən asılı vəziyyətə düşür.
Elə insan var ki, sosial şəbəkə üzərindən sevgilisi ilə ünsiyyət qurur. Sosial şəbəkələrdə yaranmış problem bu zaman təbii ki, həmin insanın əhvalını korlayacaq. Sosial şəbəkələrdə yaranmış nasazlıq ailələrdə də münaqişələrə səbəb ola bilər. Əgər bir kişi sosial şəbəkədən sevgilisi ilə ünsiyyət üçün istifadə edirsə, mütləq o, sosial şəbəkələrə daxil ola bilmədikdə əsəbi olacaq".
Amma psixoloq deyir ki, sosial şəbəkələrin yoxluğuna insanlar zamanla uyğunlaşa bilir:
"İnsan adaptasiya olmaq bacarığına malik bir canlıdır. Sosial şəbəkələr yadırğanıla bilər. Bu da insanın fərdi xüsusiyyətlərindən asılıdır. Əgər insan sosial şəbəkədən aldığını həyatda əvəz edəcək bir şey tapırsa, bu zaman o boşluğun yeri dolur.
Amma söhbət normal insandan gedir. Müəyyən patologiyası olan insanlar bundan müəyyən gərginliyə düşə, problem yarada bilərlər. Hətta sosial şəbəkədən çox asılı qalan insanlar bu gərginliyin fonunda müəyyən ağlasığmaz hərəkətlər edə, cinayət belə törədə bilərlər".
S.Abdullayevanın fikrincə, sosial şəbəkələr artıq uşaqlarda da asılılıq yaradıb. Onlar da sosial şəbəkə olmadıqda darıxmağa, sıxılmağa başlayırlar. Ona görə də psixoloq uşaqlar üçün müəyyən resurslar yaradılmalı olduğunu söyləyir:
"Sosial şəbəkə insanlarda hövsələsizlik, yalançı özünə inam yaradır. İnsan daxilindəkini gizlədərək özünü sosial şəbəkədə fərqli göstərməyə başlayır. Biz uşaqlara vaxtın dəyərli olduğunu aşılasaq, onları sosial şəbəkələrdə asılılıqdan xilas etmiş olarıq. Valideynlər bu işdə öz övladlarına həm də nümunə olmağı bacarmalıdırlar".
Qeyd edək ki, psixoloq, yazıçı və teleaparıcı Mixail Xors RİA Novosti-yə bildirib ki, sosial şəbəkələrin işində yaranan fasilələr insanlara internetdən asılılıqlarını dərk etməyə kömək edə bilər.
Onun fikrincə, bu, xüsusən də yaxınları ilə əlaqə saxlaya bilmədikləri və İnternetdə mesaj oxuya bilmədikləri üçün narahatlıq keçirən insanlar üçün problemin həlli yolunda ilk addımdır. Mütəxəssis əmindir ki, belə bir vəziyyətə əvvəlcədən hazırlaşmaq lazımdır, çünki uğursuzluqlar hər an baş verə bilər. Xors deyir ki, sosial şəbəkə asılılığından tədricən qurtulmaq lazımdır.