TƏHSİL

Rezidenturaya qəbulun nəticələri açıqlanıb

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 541 namizəddən 419 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 141 nəfəri oğlan, 278 nəfəri qızdır.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. Sputnik Azərbaycan xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 541 namizəddən 419 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 141 nəfəri oğlan, 278 nəfəri qızdır. 234 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur. Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini oktyabrın 6-dan etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar tələb olunan sənədləri 12-15 oktyabr 2021-ci il tarixlərində müvafiq qurumların (Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara, o cümlədən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər isə qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında tanış ola biləcəklər.