BAKI, 5 oktyabr — Sputnik. İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.
"Paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb. Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür", - Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın ofisi Hüseyniyyə məscidində yerləşir.
Son günlər sosial şəbəkə istifadəçiləri İranın antiAzərbaycan fəaliyyəti və Ayətullah Seyyid Əli Xameneinin Azərbaycana yönəlik hədələyici tonda çıxışları fonunda Ocaqnejadın ofisinin hələ də açıq olmasına etiraz bildiriblər.